Xaçmaz: kitabxana əməkdaşları şəhid Kərəm Veyisovun məzarını ziyarət ediblər

10 İyun 2022, 11:26

Foto Xaçmaz Regional Mədəniyyət İdarəsi FB

Xaçmaz rayonunda Vətən Müharibəsi şəhidinin xatirəsi anılıb. Bu barədə ShimalNews 10 iyun tarixində Xaçmaz Regional Mədəniyyət İdarəsinin Facebook səhifəsinə istinadən məlumat verir.

Qalağan, Hacılar, Çarxı kənd kitabxana filiallarının əməkdaşları şəhid Kərəm Veyisovun məzarını ziyarət ediblər. Əməkdaşlar məzarın önünə gül dəstələri düzüblər və ruhuna dualar oxuyublar. Daha sonra iştirakçılar şəhidin ailəsi ilə görüşüblər. Görüş zamanı ailə üzvləri Kərəm haqda xatirələrini bölüşüblər.

Veyisov kikboksinq üzrə üçqat dünya çempionu olub. O, Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlının işğaldan azad olunmasında fəal iştirak edib. Hərbçi yoldaşlarının söylədiyinə görə, Kərəm Şuşanın alınmasında böyük şücaət göstərib və müqəddəs şəhərimizdə üçrəngli bayrağımızın dalğalanmasına şahidlik edib. Müharibənin başa çatmasına saatlar qalarkən Veyisov Şuşa şəhərində düşmən mərmisinin yaxınlığında partlaması nəticəsində şəhidlik zirvəsinə ucalıb.

Ölümündən sonra “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə” və “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif edilib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.