Xaçmaz gilası xarici bazara çıxarılır

10 İyun 2022, 17:37

Foto ARB Şimal youtube

Xaçmazın bağlarında gilasın kütləvi yığımına start verilib. Bu barədə ShimalNews 10 iyun tarixində ARB Şimal-a istinadən məlumat verir.

Yerli təsərrüfatçılar ilk məhsulu may ayında əldə ediblər. Tez yetişən sortlar yerli və paytaxt bazarlarında satılıb. İndi məhsuldarlıq zəif olsa da, qiymət təsərrüfatçıları qane edir. Yerində məhsulun kiloqramını 4 manata satırlar.

Təsərrüfatçıların sözlərinə görə, malın çoxu Rusiya bazarına göndərilir. Gilası vaxtında toplamaq lazımdır. Məhsul ağacda qalsa, yağış dəyən kimi, çatlayıb xarab olur. Buna görə də təsərrüfatçılar yığım üçün əlavə qüvvə cəlb edir.

Muzdlu işləyən fəhlələr gilasın 1 kq-nı 50 qəpiyə yığır. Gün ərzində isə adama 100 kq-dan çox meyvə toplamaq olar.

Xaçmazda gilasın “Krım”, “Romanovka”, “Öküz ürəyi”, “Napoleon” və başqa sortları yetişdirilir. Son illər rayonda gilas bağlarının sahəsi xeyli artıb. Buna səbəb kimi onun alma, şaftalı və digər ənənəvi bağlara nisbətən daha çox gəlir gətirməsi göstərilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.