Aleksandr Dümanı “Qartopu” romanını yazmağa ilhamlandıran “Şahdağın qarları”

9 İyun 2022, 14:49

Foto açıq mənbələrdən

Əfsanəyə görə, Şahdağ və onun başındakı daimi qar möcüzə nəticəsində yaranmışdır

Fransız yazıçısı Aleksandr Düma 1858-ci ildə Qafqaza gəlmiş və gördükləri əsasında 1859-сu ildə “Qafqaza səyahət” kitabını yazmışdır. Həmin kitabda o, dostu Kalinonun maraqlı bir kitab oxuduğunu və bununla bağlı bir söhbəti qeyd etmişdir:

– Oxuduğun bu əfsanə kitabının adı nədir?

– “Şahdağın qarları”.

– “Şahdağın qarları” nə deməkdir?

– Əvvəl-əvvəl siz məndən soruşmalıydınız ki, “Şahdağ” özü nə olan şeydir?

– Haqlısınız. Şahdağ nə deməkdir?

– Qafqazın bir hissəsini təşkil edən bu dağ Monblandan (Qərbi Alp dağlarında yerləşən dağ) bir az hündürdür. Qubaya gedərkən biz onu görəcəyik. Hündürlüyü 4 kilometrdən artıqdır.

– Bəs onun üstünü örtmüş qar?

– Bu, başqa bir şeydir. Əfsanəyə görə, bu dağ və onun başındakı daimi qar möcüzə nəticəsində yaranmışdır. Əhali Şahdağın qarını xeyirli sayır. Yayın istisində və həddindən artıq quraqlıq olanda igidlərin ən şücaətlisi seçilir və mis bardaqda qar gətirmək üçün Şahdağın zirvəsinə göndərilir. Bir yandan yolun çətinliyi, sıldırım qayalardan, uçurumlardan aşmaq, o biri yandan qaçaq-quldurla rastlaşmaq ehtimalı igidi qorxutmur, o, camaatın xahişini yerə salmır. İgid dağdan qayıdıb Dərbəndə çatan kimi camaat məscidə gedir, dua oxuyur, sonra qarı götürüb küçələrdən keçir və böyük dəstə ilə sahilə gəlib, qarı Xəzər dənizinə tökür.

– Bəs sonra nə baş verir?

– Yağış yağmağa başlayır.

Sonra Dümanın və Kalinonun dostu Pyer Moyne söhbətə belə qarışır və deyir: “Avamlar! Nə axmaq işdir. Kitab elə qarın gətirilməsi haqqındadırmı?”.

– Xeyr. Bu kitab qar dalınca göndərilən, təhlükəli, qorxulu hadisələrlə qarşılaşan bir gəncin hekayəsidir.

– Bəs bu kitabı sizə kim vermişdir?

– Knyaz Baqration. O mənə belə tapşırıb: “Bu kitabı götür və Dümaya tərcümə et. Əminəm ki, o bundan bəhrələnəcəkdir.”

Belə də oldu, bu əfsanə Aleksandr Dümaya təsir etmişdir və onu “Boule de neige” (“Qartopu”) adlı romanını yazmağa ilhamlandırmışdır.

İstinad edilən mənbələr:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.