Qusar rayonunun Urva kəndində əvvəllər bir məscid fəaliyyət göstərirdi. 1971-ci ildə sovet hökuməti Urva kənd məscidinin uçurulmasına nail oldu və bu işin icrası üçün rayon mərkəzindən kəndə bir dəstə vəzifəli şəxs göndərildi.

O zaman məscidin mollası nüfuzlu kənd ağsaqqalı Zülfəli Əziz oğlu Məhərov adlı şəxs olub. Zülfəli ömrünü ibadətlə, Quran oxuyub, zikr etməklə keçirmişdir. O, insanları haqsız işlər görməkdən yayındırıb, xeyirxah işlərə istiqamətləndirirdi.

Məscidi sökmək istəyən şəxslərə: “Siz nə edirsiniz? Allah evini uçurmaq böyük günahdır” – deyə Zülfəli onları bu fikirdən yayındırmaq istəyib. Kənd adamlarının və Zülfəlinin etirazına baxmayaraq, məscid söküldü. Zülfəli isə bu hadisədən bir il sonra vəfat etdi.

Binanı uçurmaq bir neçə adama deyilsə də, qorxudan heç kim bu işi icra etmək istəmirdi. Nəhayət, bu işi içkiyə meyilli olan traktorçu Səbzəliyə tapşırdılar. Ertəsi gün kəndə Səbzəli kişinin iflic olduğu haqda bir xəbər yayıldı. O vaxtdan kənddə belə misal gəzir: “Haqsız iş görmə, yoxsa Səbzəlinin gününə düşərsən”.

Urva kəndində 1995-ci ildə başqa bir məscid tikilib. İbadətgah Küveytin İslam İrsinin Dirçəlişi Cəmiyyətinin Azərbaycan bölməsi tərəfindən inşa olunub.

İstinad edilən mənbələr:

  • Sədaqət Kərimova. Qusar, qusarlılar. Bakı-2011.
  •     Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.