Qırmızı qəsəbədə ənənəvi yəhudi evi bərpa olunacaq. Bu barədə ShimalNews 23 may tarixində Apa-ya istinadən məlumat verir.

İşlər Heydər Əliyev Fondu, ABŞ-ın, İsrailin ölkəmizdəki səfirlikləri və Dağ Yəhudilərinin İrsi Mərkəzi ilə birlikdə həyata keçirilir.

Bu gün Qubada “Qırmızı qəsəbədə yəhudilərin ənənəvi evinin bərpası layihəsi”nin başlanması ilə əlaqədar mərasim təşkil olunub. Burada ABŞ-ın səfiri Li Litzenberqer, İsrailin səfiri Corc Dik, Heydər Əliyev Fondunun departament direktoru, Milli Məclisin deputatı Soltan Məmmədov, Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev iştirak ediblər.

“Qırmızı qəsəbədə Fətəli xan küçəsindən keçdik. Fətəli xan təxminən 300 il əvvəl bu yaşayış məntəqəsinin əsasını qoyub. Bu qəsəbənin salınması dağ yəhudilərinin təhlükəsizliyinin təmin olunması, onların dini etiqadlarını rahat şəkildə həyata keçirməsi, eyni zamanda, onların tərəqqisi və rifahı, uşaqlarını rahat böyütməsi üçün vacib idi. Sonradan bura Azərbaycanın digər yerlərindən, Rusiyadan yəhudilər toplaşıblar. Buna görə də burada hər icmanın öz sinaqoqu var. Sonradan buraya “Qafqazın Yerusəlimi” adı verilib. Keçmişə səyahət etmək imkanım olsaydı, Fətəli xanla görüşüb ona xoş niyyətin bu gün də davam etdiyini çatdırardım”, – deyə Corc Dik bildirib.

Daha sonra İsrail səfiri dövləti və xalqı adından mehriban münasibətə görə Azərbaycana təşəkkür edib: “Qırmızı qəsəbə yəhudilərin və azərbaycanlıların birgə yaşadığı icmadır. Bu gün tarixi gün yaşanır. Burada ənənəvi yəhudi evi bərpa olunacaq. Qırmızı qəsəbədəki icmanın dünyada oxşarı yoxdur. Burada yaşayan icma üzvləri istəyir ki, qəsəbəyə investisiyalar cəlb olunsun. Buradakı iqtisadi şərait daha da yaxşılaşsın. Bütün bu işlərdə dəstəyini göstərən tərəfdaşlara təşəkkür edirəm”.