Qusarda intensiv üsulla salınan bağlar tətbiq olunur. Bu barədə ShimalNews 20 may tarixində ARB Şimal TV-yə istinadən məlumat verir.
Təsərrüfatçı Şixkamal Daşdəmirov 4 il bundan əvvəl intensiv üsulla saldığı alma bağının hər hektarından bu il 30 tona qədər məhsul götürəcəyini bildirib.
Fermerin sözlərinə görə, ilk 2 il ərzində məhsul götürülməyib. 3-cü il sahədən 15-20%, 4-cü il isə 50-60% meyvə əldə edəcək.
Qusarda yerləşən 4.000 hektar alma bağı var. Onlardan 3.000 hektarı intensiv bağlardır. Təsərrüfatçılar intensiv bağların salınmasının və edilən aqrotexniki qulluğun böyük sərmaye tələb etdiyini bildirirlər.
Fermerlər intensiv meyvə bağını saldığı ilk 4 ildə dövlət tərəfindən verilən subsidiyadan yararlanır.
Xələf Babayev Qusar DAİM-in bitkiçilik sektorunun baş məsləhətçisi: “Son illərdə əkilən intensiv bağların ən çoxu alma bağları, ikinci yerdə nektarin, üçüncü yerdə isə fındıq məhsulu üstünlük təşkil edir. Dövlət tərəfindən salınmış intensiv meyvə bağlarının hər hektarı üçün 730 manat subsidiya verilir. Bu subsidiya həmin bağlara 4 il ərzində verilir. 4 ildən sonra demək olar ki bu intensiv bağlar tam şəkildə məhsula düşür.”
Almanın kütləvi yığımına sentyabrın əvvəlində başlanacaq.