Qubada kartof bitkisinin becərilməsi üçün əkin sahələrinə mərhələli şəkildə qulluq göstərilir. Bu barədə ShimalNews 16 may tarixində məlumat verir.
Hazırda fermerlər əkin cərgələrində torpağı daim yumşaq saxlamaq üçün onu belləyirlər. Həmçinin sahə alaq otlarından təmizlənir, bitkinin dibi doldurulur, xəstəlik və zərərvericilərə qarşı mübarizə və sair işlər həyata keçirilir.
“Son yağan yağışlardan sonra artıq kartof kifayət qədər böyüyüb. Üzə çıxan kartof gövdəsinin qalınlığına görə, onun məhsuldar olduğunu müəyyən etmək olar. Əgər o qalındırsa, deməli məhsul bol olacaq”, – deyə fermerlərdən biri söyləyib.
Tarixi məlumatlara əsasən, kartof bitkisi Cənubi Amerikada 8.000 il bundan əvvəl becərilmişdir. Avropa qitəsinə isə ilk dəfə olaraq kartofu XVI əsrin ortalarında ispanlar gətirmişdir. XVIII əsrin əvvələrində rus çarı I Pyotr Hollandiyada olarkən 1 kisə kartof əldə etmiş və onun Rusiyada yetişdirilməsinə xüsusi göstəriş vermişdir. Azərbaycanda ilk dəfə XIX əsrin birinci yarısında Gədəbəyin Hacılar kəndinə 1 pud (16 kq) toxumluq kartof gətirilib və sonralar ölkəmizin başqa regionlarına yayılmışdır.