Xaçmaz rayon ümumtəhsil məktəblərinin şagirdləri Respublika fənn olimpiadalarında yüksək nəticə göstəriblər. Bu barədə ShimalNews 12 may tarixində Azərtac-a istinadən məlumat verir.
Akademik Zərifə Əliyeva adına 8 nömrəli məktəb-liseyin 11-ci sinif şagirdləri Fərhad Bəkirov qızıl, Nəriman İsrafilov isə bürünc medala layiq görülüblər. Onlar coğrafiya üzrə fənn olimpiadalarında iştirak edib. Həmçinin Arzu qəsəbə tam orta məktəbinin 11-ci sinif şagirdi Amin Mirişov bu yarışmada tarix fənni üzrə qızıl medal sahibi olub.
Fərhad Bəkirov artıq 3 ildir ki, olimpiadada iştirak edərək qızıl medal qazanır. O, qəbul imtahanlarında maksimum bal toplayaraq ali məktəbdə maliyyəçi ixtisasına yiyələnmək arzusundadır.
Amin Mirişov isə fənn olimpiadalarında 4 dəfə iştirak edib. Onlardan ikisində qızıl, ikisində isə bürünc medal qazanıb. Gələcəkdə o, tarixçi olmağı qarşısına məqsəd qoyub.