Əbülhəsən Məmmədov 1894-cü ildə Qubada anadan olub. O, həmçinin Əbülhəsən Anaplı və ya Anaplinski kimi tanınıb. Əbülhəsən Azərbaycanın ilk parodiya aktyorlarından biri idi.
O, uşaqlığını Bakıda keçirib. Aktyor səhnəyə ilk dəfə 1911-ci ildə çıxıb, yaradıcılığa isə 1913-cü ildə başlayıb.
Əbülhəsən Məmmədov “Nicat”, “Səfa” mədəni-maarif cəmiyyətlərinin teatr truppalarında, Hüseynqulu Sarabskinin “Müsəlman opera artistləri”, “Zülfüqar bəy və Üzeyir bəy Hacıbəyli qardaşlarının müdiriyyəti” teatr dəstəsində, əsasən, komediya, həmçinin faciə və dram tamaşalarında çıxış edib.
Aktyor M.F.Axundovun “Hacı Qara” (Kərəməli), Nəcəf bəy Vəzirovun “Keçmişdə qaçaqlar” (Pirverdi), Əbdürrəhim bəy Haqverdiyevin, “Dağılan tifaq” (Gənc, Əbdül və İmamverdi), “Ac həriflər” (Həsən), Nəriman Nərimanovun “Nadir şah” (Cavad), Cəfər Cabbarlının “Ədirnə fəthi” (Molla Hacı) və digər yazıçıların tamaşalarında rol alıb.
O, həmçinin Fridrix Şillerin “Qaçaqlar” (Papas), Vilyam Şekspirin “Kral Lir” (Təlxək), İsmayıl Rüstəmbəyovun “Dövləti-bisəmər” (Abdulla) əsərlərinin tamaşalarında, “Arşın mal alan” (Vəli) və “Məşədi İbad” (Hambal) operettalarında çıxış edib.
Dramaturq Cəfər Cabbarlı Anaplı haqqında belə yazmışdır: “Bakıda… Rza Darablı ilə Əbülhəsən Anaplını tanımayan yoxdur. Hər kəs bizim bu iki gənc sənətkarımızı tanıyor. Hər kəs bu iki komik oynarkən bir daha sənətkarını görmək məqsədilə əlini və ovcunun içini ağrıtmışdır… Əbülhəsəni yalnız səhnədə deyil, hər zaman, hər yerdə komik olaraq görmək olur. Komiklik Əbülhəsənin kəndisindən ayrılmaz bir təbiətdir. Nə qədər böyük və ali bir məclis olursa,olsun, nə qədər məşhur və müqtədir sənətkarlar o məclisdə icrai-məharət edirlərsə, etsinlər, Əbülhəsən onların həpsini ikinci dərəcəyə buraxacaqdır. Bütün məclis əhlini, avam olsun, xas olsun, kəndisinə məşğul edəcəkdir”.
27 yaşlı Əbülhəsən Anaplı 1921-ci ilin fevralında Qarabağın Keşiş kəndində çıxış edəndən sonra daşnaklar tərəfindən qətlə yetirilmişdir. Aktyor Bakıda dəfn edilib.
Bakıdakı Milli Azərbaycan Tarixi Muzeyinin Neqativ fondunda aktyorun fotoşəkli saxlanılır.
İstinad edilən mənbələr:
- Azərbaycan xalq cümhuriyyəti ensiklopediyası. I cild. Bakı 2004.
- Şahin Fazil. Quba tarixi. Bakı-2016.
- Azərbaycan Sovet Ensiklopediyası. I cild. Bakı-1978.
- İlham Rəhimli. Səhnəyə qovuşan cığırlar. Bakı-2013.
- İlham Rəhimli. Azərbaycan teatr tarixi. Bakı-2005.
- http://anaveusaq.az/tarixde-bu-gun/2895-tarixde-bu-gun-29-avqust.html
- https://aqreqator.az/az/medeniyyet/759853