Qubada yerləşən orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) fəaliyyəti ilə tanış olublar. Bu barədə ShimalNews 29 aprel tarixində Azərtac-a istinadən məlumat verir.
Heydər Əliyev Mərkəzində maarifləndirici görüş keçirilib. Burada Aİİ-də tədris olunan ixtisaslar və qəbul qaydaları barədə ətraflı məlumat verilib.
İnstitutun prorektoru Mirniyaz Mürsəlov sözügedən təhsil müəssisəsinin məqsədi və hədəfləri haqqında ətraflı məlumat verib. O bildirib ki, hər bir abituriyent ödənişsiz təhsildən və digər imtiyazlardan tam yararlanacaq.
Daha sonra təhsil müəssisəsində yaradılan şərait, tədris prosesi, keçirilən fənlər haqqında söhbət açılıb. Həmçinin qəbul prosesinin hansı formada təşkil olunduğu, mövcud ixtisaslar, o cümlədən, müəssisənin fəaliyyəti, səfərləri, tələbələr üçün təşkil edilən yay və qış məktəbləri barədə danışılıb.
Sonda tədbir iştirakçıları üçün Aİİ-nin tanıtım videoçarxı və ictimai fəaliyyətini əks etdirən materiallar nümayiş olunub.