Xuluqvi Abdulcəlil kimi tanınan Abdulcəlil Sadiq oğlu Ramazanov 1880-ci ildə Qusarın Xuluq kəndində anadan olub. O, ləzgi və Azərbaycan dillərində “Nadim” təxəllüsü ilə şeirlər yazıb.
Şair ilk öncə Xuluq kənd məscidinin nəzdindəki məktəbdə, sonradan o vaxtın Alqadar Həsən əfəndinin məktəbində və Yaraq mədrəsəsində təhsil almışdır. Burada o, şərq poeziyasını, Azərbaycan və Dağıstan şairlərinin yaradıcılığını öyrənmişdir.
Abdulcəlil Azərbaycan, türk, fars və ərəb dillərini bilirdi. Onun, həmçinin öz kitabxanası var idi. Kitabxanasından qonşu kəndlərin sakinləri də istifadə edirdilər.
Abdulcəlil Əhməd Cavad və Mircəfər Bağırovla dostluq edib.
Şair 1932-ci və 1934-cü illərdə “xalq düşməni” kimi iki dəfə həbs edilir, onun kitabxanası isə məhv edilir. Həbs edilməsinin əsas səbəbi onun ərəb və fars dillərini bilməsi idi.
Abdulcəlil 1934-cü ildə azadlığa buraxılsa da, 1937-ci ildə üçüncü dəfə həbs olunub. Şairin sonrakı taleyi haqqında heç bir məlumat yoxdur.
Xuluqvi Abdulcəlilin yalnız 101 şeiri və son iki dəftəri qalıb. Həmin dəftərləri oğlu Ziyapaşa Ramazanov 1992-ci ildə filologiya elmləri doktoru Mövlud Yarəhmədova təqdim edib. Alim şairin şeirlərini həmin il “Samur” qəzetində dərc etdirib.
İstinad edilən mənbələr:
- Sədaqət Kərimova. Qusar, qusarlılar. Bakı-2011.
- Elbrus Şahmar. Qusar beşiyim mənim. Bakı-2012.