Pesax bayramı dünya yəhudilərinin azadlıq və bahar bayramıdır.
Bu bayram Qubada, Qırmızı qəsəbədə yaşayan dağ yəhudiləri tərəfindən qeyd edilir. Pesax bayramı “Nisonu” da adlandırılır. Bayram Qubada ictimaiyyətin iştirakı ilə ilk dəfə 13 aprel 2017-ci ildə Heydər Əliyev parkında təşkil olunub.
Bayramın tarixi e.ə XIV-XIII əsrlərə gedib çıxır. Yəhudilər Misir fironunun 210 illik zülmündən xilas olduğuna görə, bunu hər il baharın gəlişi ilə eyni vaxtda milli bayram kimi qeyd edirlər. Onlar əsirlikdən xilas olmaq üçün səkkiz gün Tanrıya dua ediblər, məhz buna görə bayram səkkiz gün davam edir.
Rəvayətə görə, Musa peyğəmbərlə Tanrının söhbəti baş tutur. Burada Tanrı Musaya buyurur: “Ey Musa, mən sənin rəbbinəm və səni peyğəmbər seçdim. Mənə ibadət et… Qardaşın Harunla birgə Fironun yanına get və ondan Tanrının adına İsrail xalqını sərbəst buraxmasını və onlara əziyyət verməməsini söylə”.
Musa peyğəmbər qardaşı ilə fironun yanına gedir və Tanrının ona dediklərini deyir. Firon isə heç bir sözə məhəl qoymayaraq yəhudilərin Misir ərazisindən çıxmasına icazə vermir. Lakin Musa peyğəmbər və qardaşı yəhudi xalqını Misirdən çıxarmaq qərarına gəlirlər.
Musa peyğəmbər və yəhudi xalqı Misirdən çıxarkən fironun ordusu onları təqib edir. Yəhudilərin qarşısına Qırmızı dəniz çıxır. Peyğəmbərə vəhy gəlir və o, əlindəki əsa ilə dənizə vurur. Bu anda dəniz iki yerə ayrılır. Musa peyğəmbər və yəhudi xalqı dənizi keçir, fironun ordusu isə sulara qərq olur.
Yəhudilər bayram günlərində sinaqoqa gələrək ibadət edirlər. Bayram süfrəsində, əsasən, Pesax bayramının simvolu sayılan Matsa (şit fətir) olur. Matsa o zaman xilas olan yəhudilərin çöllərdə qaynar daşın üzərində bişirdikləri yeganə qida idi. Su və unun qarışığından hazırlanan quru fətir duzsuz və mayasız olmalıdır. Bu, yəhudilərin əzab-əziyyətini yada salmaq anlamını daşıyır və Tanrıya şükür etmək rəmzi kimi qiymətləndirilir.
Bayram süfrəsində, həmçinin yeddi növ göyərti və yeddi növ təam qoyulur: matsa, haroset (matsa ilə yeyilən, qoz fındıqla, bəzən də xurma qarışığı ilə hazırlanır), soyutma yumurta, soyutma kartof, cırhacı almadan hazırlanan halva, balıq qızartması, kiduş-üzüm şirəsi.
İstinad edilən mənbələr:
- Ramiz Ramazanlı. Quba. Multikultural diyar. Bakı-2017.
- Хананил Абрамов. Горские евреи Кубы. Хайфа-2003.
- М.А.Гонтмахер. Евреи на Донской земле. Ростов-на-Дону-2005.
- Mədəniyyət.- 2018.- 6 aprel.- S.7.
- Mədəniyyət.- 2019.- 26 aprel.- S.3.
- https://azertag.az/xeber/PESAX_YAHUDILARIN_AZADLIQ_BAYRAMIDIR-437877
- https://www.amerikaninsesi.org/a/passover-ierusalim/1893977.html
- https://sputnik.az/20210404/Da-yhudilri-myusdur-kinci-ildir-Pesax-sinaqoqda-qeyd-ed-bilmirlr-426614845.html
- https://www.samddn.ru/novosti/novosti/evreyskiy-prazdnik-pesakh-istoriya-i-traditsii-prazdnika/
- https://24media.az/pesax-bayrami-y%C9%99hudil%C9%99rin-azadliq-carcisidir