Əkbər Fərzəliyev 1 oktyabr 1932-ci ildə Qusarın Köhnə Xudat kəndində anadan olub.

O, ibtidai təhsilini Qusarın Köhnə Xudat kəndində alıb, orta məktəbi isə Qubada 1949-cu ildə başa vurub. Əkbər 1953-cü ildə indiki Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil-ədəbiyyat fakültəsinə daxil olub. 1964-cü ildə ikinci təhsil almaq məqsədi ilə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) hüquq fakültəsinə qiyabi təhsilə qəbul olub.

Əkbər 1956-cı ildə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında çalışmağa başlayıb. O, 1957-ci ildə Daşkənddə keçirilmiş Ümumittifaq kinofilmləri festivalının laureatı olub.

Aktyor “Koroğlu”  (Eyvaz), “Ögey ana” (Əbdül), “Qızmar günəş altında” (Aydın) filmlərində oynayıb. Sonralar aktyor “O olmasın, bu olsun” filmində Üzeyir Hacıbəyovun obrazını yaradıb. Sənətkarın xatirəsindən: “1956-cı ilin bir yaz günü idi… Kinostudiyanın rejissor assistenti Abdulla Vəkilov bildirdi ki, “O olmasın, bu olsun” filmi çəkilir. Üzeyir Hacıbəylinin obrazını yaradacaq aktyor axtarırıq. Siz Üzeyir bəyə çox oxşayırsınız. Mümkünsə, sabah gəlin, sizi quruluşçu rejissor Hüseyn Seyidzadəyə təqdim edim…”.

Fərzəliyevin poeziyaya da marağı olub. Onun “Pələng”, “Baxışlar”, “Qusarım”, “Hər şeydən şirin”, “Sınaq”, “Gəl barışaq”, “Zalım fələk”, “İntizar” kimi şeirləri var.

Əkbər Fərzəliyev 1963-cü ildə indiki Dövlət Ləzgi Dram Teatrını təşkil edib və həmin ilin mayından teatrın rejissoru, 1965-1970-ci illərdə isə Qusar rayon Mədəniyyət Evinin direktoru kimi işləyib. 1966-cı ildə onun rəhbərliyi altında Qusar rayon Mədəniyyət Evinin nəzdində “Ləzgi mahnı və rəqs ansamblı” təşkil olunub. Onun 1967-ci ildə indiki Dövlət Ləzgi Dram Teatrında səhnəyə qoyduğu “Qisas” tamaşası Bakıda özfəaliyyət incəsənət festivalının laureatı olub.

Fərzəliyev 1971-ci ildə Qusar rayon İstehlak Cəmiyyətləri İttifaqında hüquqşünas kimi çalışıb. 1978-ci ildə Qusar rayon Xalq Məhkəməsində müvəqqəti olaraq xalq hakimi, təqaüdə çıxandan sonra isə burada tərcüməçi işləyib.

Əkbər Fərzəliyev 1999-cu ilin may ayında ağır xəstəlikdən vəfat edib və Qusar rayonunun Köhnə Xudat kəndində dəfn olunub.

2011-ci ildə aktyorun xatirəsinə Qusarda büst qoyulub və küçələrin birinə onun adı verilib.

İstinad edilən mənbələr: