Adrenalin sevənlər yolsuzluq avtomobillərini sınamaq üçün bu dəfə Qubanı seçiblər. Bu haqda ShimalNews 11 aprel tarixində məlumat verir.
Azərbaycanın müxtəlif bölgələrindən gələn qonaqlar yolsuzluq avtomobilləri ilə maneələri dəf ediblər. Onların qarşısına palçıq, su və dərələr çıxıb.
Yürüşçülər bildirib ki, Qubanın valehedici təbiəti buranı onlar üçün ən sevimli məkana çevirib. Bu səbəbdən mütəmadi olaraq ekstrim dolu marşrutlarını buradan salırlar. Hər dəfə çətin yollar axtararkən Digah, Dalıqaya, Qrız və bir çox təhlükəli yerlərdən keçiblər.
Budəfəki yürüş isə Alıc kəndindən Tülər istiqamətində olub. Bu zaman bəzi iştirakçıların nəqliyyat vasitələri zədələnib və qəzaya düşüb. Sürücülərin sözlərinə görə, tez-tez olmasa da, bu gözlənilən bir haldır.
Hər səfərdən öncə hazırlıq işləri görülür. Avtomobillər yoxlanılır, plan cızılır, istirahət məkanları seçilir və yalnız bundan sonra tur təşkil edilir.
Qonaqlar qeyd ediblər ki, Quba onların ən çox üz tutduqları yerlərdən biridir.