Qrız kəndi Quba rayonunda, dəniz səviyyəsindən 2000-2050 metr yüksəklikdə, Ağ dağın ətəyində, Qudyalçayın sahilində yerləşir.

Qrız toponimi ilk dəfə X əsrə aid mənbələrdə qeyd edilir. Qrız dilində “q” hərfi – “yüksəklik, ucalıq, hündürlük, açıqlıq”, “rıts” isə “hamar, cila” mənasını verir. Beləliklə, “qrız” – “cilalanmış daş”, “cilalanmış taxta” deməkdir.

Kənddə “xeyir” və “şər” daşları da var. Qrızlılar bu daşları rabitə vasitəsi kimi öz aralarında istifadə edirdilər. Toy olanda kənd sakinləri xeyir daşın üstünə çıxıb, xeyir işin olduğunu camaata çatdırırdılar. “Şər” daşın üstünə çıxanda isə kənddə ölü olduğunu çatdırmaq istəyirdilər.

Kəndin ərazisində bir qədim dağılmış məscid var. Ehtimal edilir ki, bu məscid Abbasi Xilafətinin banisi Abbasın məşhur sərkərdəsi Əbu Müslim Əl-Xorasani tərəfindən VIII əsrdə inşa edilib.

XVIII əsrdə Qrız kəndi Quba xanlığının hökmdarı Şeyxəli xanın Rusiya imperiyasına qarşı apardığı mübarizədə onun mərkəzi igamətgahı olub.

Abbasqulu Ağa Bakıxanov Qrız kəndi haqqında belə məlumat verib: “1810-cu ildə il yarımdan artıq Təbəsəranda qalmış Şeyxəli xan əcdadı Səfəvilərin dövründən Şeyx Cüneyd türbəsinin mütəvəllisi olan həzrəli Xan Butay bəy Hacı Şərif bəy oğlunun təhriki ilə gəlib Quba əhalisinin çoxunu özünə müttəfiq etdi, ölkəni almaq və qalanı mühasirə etməklə dörd ay məşğul oldu. O, əhalinin bir hissəsini Qrız kəndinə köçürüb, yeni bir şəhər salmışdır”.

Qrız xalçalarının xüsusiyyəti onların tünd göy rəngdə olması və mərkəzinin xaçvari ornamentlə bəzədilməsidir. Qrızda “Səlim ağacı” adlı xalça çeşnisi geniş yayılıb. Bu kənddə dağ iqliminə uyğunlaşmış “sil-sil” adlanan buğda növü becərmək mümkündür. Ehtimal edilir ki, qrızlılar bu buğda növünü özləri kəşf etmişlər.

Kəndin əhalisini qrızlar təşkil edir. Onlar, əsasən, xalçaçılıq, heyvandarlıq, əkinçiliklə məşğul olurlar. Lakin kənddə vaxtilə yəhudilər də yaşayıblar, onları buraya qubalı Fətəli xan köçürmüşdü. Hazırda kənddə yəhudi qəbiristanlığı mövcuddur. 1911-ci ildə Qrız kəndində 792 nəfər yaşayırdı. 2009-cü ilin rəsmi məlumatına görə, kəndin əhalisi 274 nəfərdən ibarət idi.

İstinad edilən mənbələr:

Photo Shimal.News
Photo Shimal.News