Xaçmaz rayonunda sakinlər təsərrüfat sahələrinə getməkdə çətinlik çəkirlər. Bu barədə ShimalNews 29 mart tarixində Xəzər Xəbər-ə istinadən məlumat verir.
Ağaşirinoba kənd camaatının yaşayış sahələri ilə pay torpaqları arasında dövlət əhəmiyyətli magistral yol çəkilib. Burada keçid üçün tunel tikilib, lakin o, texnikaların hərəkəti üçün yaramır.
Sakinlər bildirirlər ki, yeni çəkilmiş yola görə onlar kompensasiya alıblar. Ancaq sahələrə nəqliyyatın gediş-gəlişi üçün yol salınmayıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli məsələni cavablandırıb. O bildirib ki, tikinti zamanı hər hansı bir ərazidə problemlər yaşanırsa, vətəndaşlar agentliyə rəsmi şəkildə müraciət etməlidir. Yalnız bu halda həlli mümkün olan məsələlərlə bağlı podratçı şirkətlərə tapşırıqlar verilə bilər.