Alimlər Novruz bayramının yaşını ən azı 3700, ən çoxu 5000 ilə bərabər edirlər. İlk yazılı mənbədə qeyd olunur ki, Novruz bayramı bizim eradan əvvəl 505-ci ildə yaranmışdır.
Azərbaycanın Rusiya tərəfindən işğalına qədər (XIX əsrin əvvəlləri) təzə il martın 21-dən başlamışdır. Azərbaycan Xalq Cümhuriyyəti dövründə (1918-1920-ci illərdə) yeni ilin Novruz bayramından başlaması haqqında qərar verilmişdir. Sovet dövründə Novruz bayramı qeyri-rəsmi qeyd olunurdu, çünki hökumət orqanları buna icazə vermirdilər və insanları təqib edirdilər. Ancaq bütün bunlara baxmayaraq, əsrlərdən qalmış ənənələrə sadiq olaraq azərbaycanlılar bu bayramı qeyd edirdi.
Novruz bayramının adətləri papaq atmaq, qulaq falına çıxmaq, tonqaldan tullanmaq, səməni yetişdirmək, yumurta döyüşdürmək, qonaq getmək, şam yandırmaq, yallı getmək, Novruz oyunları oynamaqdır.
Azərbaycanlıların bayram süfrəsində sumax, sirkə, süd, səməni, səbzi olmalıdır. Həmçinin adları “S” hərfindən başlayan yeddi növ xörək hazırlanmalıdır. Bunlardan başqa, masanın üstünə güzgü və şamlar qoyulur, güzgünün üstünə boyanmış yumurtalar qoyulur. Bunların da öz rəmzi mənası var: şam-od, işıq deməkdir (hansı ki, insanı bədnəzərdən qoruyur), güzgü-aydınlıq rəmzidir.
Ənənəyə görə, bayramın ilk günü hamı evdə olmalıdır. Xalq arasında deyirlər: “Əgər bayram günü evdə olmasan, yeddi il evdə olmayacaqsan”.
Novruz bayramı 2009-cu ildə YUNESKO tərəfindən Qeyri-Maddi Mədəni İrs siyahısına daxil edilmiş, 2010-cu ildə isə 21 mart tarixi “Beynəlxalq Novruz Günü” elan edilmişdir.
İstinad edilən mənbələr:
- Novruz bayramı ensiklopediyası. Bakı-2008.
- https://granitas.az/novruz-bayrami/