Xaçmaz Şəhər Uşaq İncəsənət Məktəbinin yetirməsi fırçasını silahla əvəz edərək 44 günlük müharibədə döyüşüb. Bu barədə ShimalNews 8 mart tarixində Azərtac-a istinadən məlumat verir.
Xaçmazlı gənc rəssam Cavidan Rəhmətovun Vətən müharibəsində Cəbrayıl, Füzuli və Xocavənd döyüşlərinin fəal iştirakçısı olub. O, üç medalla təltif olunub.
Müharibə onun yaradıcılığına da təsir edib. İndi o, əsərlərində vətənpərvərlik mövzusuna xüsusi yer ayırır. Bütün xaçmazlı şəhidlərin portretlərini çəkən gənc rəssam bu əsərləri sərgiləməyi düşünür.
Cavidan müxtəlif səthlərdə böyükhəcmli rəsmlər də çəkir. Onun, şəhidlərin xatirəsinə tikilən bulaq kompleksinin divarlarında təsvir etdiyi şanlı Qələbəni tərənnüm edən əsər böyük rəğbətlə qarşılanıb.
22 yaşlı Cavidan uşaq yaşlarından rəssamlığa böyük maraq göstərib. Onun 100-dən çox əl işi var. Artıq 6 ildir ki, peşəkar rəssam kimi fəaliyyət göstərir. Hazırda uşaq və yeniyetmələr üçün Xaçmazda rəssamlıq kursları təşkil edir.


