Qusarda 16 mart tarixində yeniyetmə cüdoçular arasında bölgə birinciliyi keçiriləcək. Bu barədə ShimalNews 3 mart tarixində Azərbaycan Cüdo Federasiyasının (ACF) Facebook səhifəsinə istinadən məlumat verir.

Yarışlarda 2008-2010-cu il təvəllüdlü idmançılar medallar uğrunda mübarizə aparacaqlar. Turnirin mükafatçıları 6-8 may tarixlərində Bakı şəhərində keçiriləcək kiçik yaşlı yeniyetmələr arasında Azərbaycan birinciliyinə vəsiqə qazanacaqlar.

Federasiyanın əsas məqsədlərindən biri ölkəmizin bütün regionlarında cüdo idman növünü daha da populyarlaşdırmaq və kütləviləşdirməklə yeni istedadların kəşf edilməsi sistemini yaratmaq, həmçinin yeniyetmələr və gənclər arasında idman vasitəsi ilə sağlam həyat tərzinin təbliğ edilməsidir.