“Samur” gömrük postundan ölkə ərazisinə külli miqdarda mobil telefonların qanunsuz yolla keçirilməsi cəhdinin qarşısı alınıb. Bu barədə ShimalNews 14 fevral tarixində Dövlət Gömrük Komitəsinə istinadən məlumat verir.

Rusiya – Azərbaycan istiqamətində hərəkət edən “Volvo FH12” markalı yük avtomobili saxlanılıb və gömrük yoxlaması həyata keçirilib.

Rusiya vətəndaşı Daudov Mirza Maqomedoviçin idarə etdiyi nəqliyyat vasitəsinin kabinasında 14 ədəd “iPhone 12 Pro”, 62 ədəd “iPhone 13”, 22 ədəd “iPhone 13 Pro”, 71 ədəd “iPhone 13 Pro Max” markalı mobil telefonlar aşkar olunub.

169 ədəd cihaz yataq yerlərindəki döşəklərin içərisində gömrük nəzarətindən gizlədilmişdir. Onların ümumi dəyəri 457.300 manat təşkil edir.

Faktla bağlı araşdırma aparılır.