Bu gün “Xaçmaz KOB evi”nin fəaliyyətə başlamasından 2 il ötür. Bu barədə ShimalNews 7 fevral tarixində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) istinadən məlumat verir.

Artıq agentlik sahibkarlara 49.931 xidmət göstərib. Bunlardan 47.973-ü (96%) “G2B” (hökümətdən-sahibkara), 1.958-i (4%) isə “B2B” (şirkətlər arası ticarət) xidmətlərdir.

“Xaçmaz KOB evi” tərəfindən sahibkarlara göstərilən xidmətlərin əhatə dairəsi genişlənməkdədir. Belə ki, 2022-ci ilin yanvar ayında “Xaçmaz KOB evi”ndə daha 2 yeni “G2B” xidmət sahibkarların istifadəsinə verilib. Bununla sahibkarlara 10 dövlət qurumu tərəfindən 150-dək “G2B”, 6 özəl şirkət tərəfindən 100-dək zəruri “B2B” xidmətlər göstərilir.

“Xaçmaz KOB evi”ndə biznes fəaliyyəti ilə bağlı lazım olan qeydiyyatı, vergi məsələləri, sahibkarlıq fəaliyyəti üçün lisenziyalar və mənşə sertifikatı, əmlakın dövlət reyestrindən çıxarışı, aqrar sahə üzrə subsidiyalar, açıq məkanda reklamın yerləşdirilməsinə icazə, qida təhlükəsizliyi sertifikatı, kommunal xidmətlər, bank və s. xidmətlərdən yararlanmaq olar.

Müarciət edənlərin arasında yalnız Xaçmaz deyil, həmçinin Quba, Qusar və digər rayonlardan olan iş adamları var.

Hazırda 2 KOB evi Xaçmaz və Yevlax şəhərlərində fəaliyyət göstərir. Onların əsas üstünlüyü – sahibkarların biznes xidmətlərini vahid məkanda alması, bununla da vaxtına və əməliyyat xərclərinə qənaət etməsi, sahibkarlara göstərilən xidmət səviyyəsinin ölçülə bilən olmasıdır.