Quba-Xaçmaz iqtisadi rayonunda “Rəqəmsal icra hakimiyyəti” layihəsi ilə bağlı təlim keçirilib. Bu barədə ShimalNews 1 fevral tarixində Elektron Hökümətin İnkişafı Mərkəzinə istinadən xəbər verir.

Qusar, Xaçmaz, Şabran və Siyəzən rayon icra hakimiyyətləri nümayəndələri onlayn təşkil olunmuş təlimlərdə iştirak ediblər. Onlara rih.gov.az portalı haqqında geniş məlumat verilib.

Portal vasitəsilə vətəndaşların elektron qaydada müraciəti, görüşün təyin edilməsi üçün onlayn müraciət, onlayn görüş müraciəti yaratmaq, onların fəaliyyəti haqqında məlumat almaq, müxtəlif mövzuları aktuallaşdırmaq imkanı haqqında danışılıb.

Daha sonra isə “Elektron Sənəd Dövriyyəsi” sistemi ilə bağlı təqdimat keçirilib. Tədbirdə icra hakimiyyəti nümayəndələrini maraqlandıran suallar da cavablandırılıb.

Ötən ilin noyabr ayında “Rəqəmsal İcra Hakimiyyəti” – rih.gov.az portalı pilot layihə olaraq ictimaiyyətə təqdim edilmişdir. Artıq 3 bölgənin – Gəncə şəhəri, Masallı və Quba rayonlarının icra hakimiyyətlərinin bir çox xidmətləri elektronlaşdırılıb.