Qubada çöldə yaşayan 64 yaşlı kişini sığınacağa yerləşdiriblər. Bu barədə ShimalNews 11 yanvar tarixində Oxu.az-a istinadən məlumat verir.

“O, həssas əhali qruplarından olan şəxslər üçün sığınacaq və sosial reabilitasiya müəssisəsinə yerləşdirilib. Məmmədbəy dayı burada isti sığınacaqla, gündəlik qidalanma ilə təmin olunacaq. Qaldığı müddətdə digər sosial xidmətlərdən də yararlanacaq”, –  Sosial Xidmətlər Agentliyinin mətbuat katibi Murad Həşimov məlumat verib.

Xucbala kəndində anadan olan Məmmədbəy Məmmədbəyov bazarın yanında, yük maşınının kabinasında yaşayırdı. Özü tikdiyi evi tərk etmə səbəbinə gəldikdə isə, həyat yoldaşının ailədə münaqişə yaratması olduğunu bildirmişdir.

“Məktəbdə zavxoz işləmişəm, iki dənə ev tikdirmişəm, amma analarını çox istiyirlər. Qoy istəsinlər. Peşman deyiləm. Qoy yaşasın orda öz gününü. Qurban olum balalarıma”, – deyə çarəsiz qalan kişi bildirib.

Məmmədbəyin 5 qızı var, onlardan 4-nü ərə verib. Övladlardan yalnız biri atasını axtarıb. Lakin o, görüşdən çəkinmişdir.

Bazarda işləyənlər kimsəsiz kişiyə köməklik edirdilər. Evlərinə dəvət etdikdə isə o, təklifi qəbul eləmirdi.

Məmmədbəy dayının ən böyük arzusu isə, qocalar evinə sığınaraq, ömrünün qalan hissəsini orada keçirməkdir.