Xaçmazda qohumunu güllələyən şəxs tutulub. Bu barədə ShimalNews 10 yanvar tarixində Azərbaycan Respublikasının Baş Prokurorluğunun səhifəsinə istinadən məlumat verir.
Hadisə yanvarın 8-i, saat 21:00 radələrində Köhnə Xaçmaz kəndində baş verib. 36 yaşlı kənd sakini, Cavid Mahmudov qohumu tərəfindən odlu silahdan açılan atəş nəticəsində xəsarət alıb.
İlkin araşdırmalara əsasən, hadisə şəxsi münasibətlər zəminində baş verib. Belə ki, zərərçəkmişin qohumu, 40 yaşlı Nail Mahmudov ov tüfəngindən atəş açaraq, Cavid Mahmudovu qəsdən öldürməyə cəhd etməkdə şübhəli bilinir.
Faktla bağlı Xaçmaz rayon prokurorluğunda “Qəsdən adam öldürməyə cəhd” maddəsi ilə cinayət işi başlanıb. Nail şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda istintaq tədbirləri davam etdirilir.