Mucuq kəndi Qusar rayonunun mərkəzindən 35 kilometr qərbdə, Qusar maili düzənliyində yerləşir. Mucuq oykonimi “səngər, sədd” mənasını verir.

Kəndin yaşayış yeri kimi tarixi eramızdan əvvələ gedib çıxır. Kəndi sonuncu dəfə yaşayış məntəqəsi kimi, XIX əsrin əvvəllərində Dağıstanın eyniadlı Mucuq kəndindən gəlmiş ailələr salıblar. Rusiya şərqşünası V.F.Minorskinin “Şirvanın və Dərbəndin X-XI əsrlər tarixi” adlı kitabında kəndin adı “Mucuq-Abad” kimi göstərilmişdir.

Kəndin qərb hissəsində yerləşən “Tatar daşları” adlı yerlə bağlı xalq arasında rəvayət mövcuddur. Deyilənə görə, XIII əsrdə monqollar buraya gələndə, mucuqlular onlara müqavimət göstərmək qərarına gəliblər. Uzaqdan gələn qoşunun qarşısını kəsmək üçün, onlar düzənliyə daş kimi səpələniblər. Uzaq yoldan yorulmuş monqol əsgərləri dincəlmək üçün daşların üstündə oturmaq istəyəndə, mucuqlular onları iti xəncərləri ilə qarşılayıblar.

Monqol hücumları zamanı Mucuq kəndinin ərazisində qanlı döyüşlər baş vermişdir. İşğalçılar bu kəndi tamamilə dağıtmışdılar. Doğma torpaqları əllərindən çıxan əhali buranı tərk etsə də, sonradan yenidən geri qayıtmışdır.

Kənddə 15 sülalənin nümayəndələri yaşayır. Onların arasına Vadanlar, Kasitlər, Yapatlar (Şeyxlər), Şaldilər, Qazbinlər, Xaçmazlar, Bədəllər və başqaları daxildir.

1915-ci ildə Mucuq kəndində 1221 nəfər yaşayırdı. 2018-ci ildə kənd əhalisinin sayı 1400 nəfər təşkil edirdi. Hal-hazırda əhali, əsasən, heyvandarlıq, əkinçilik, bağçılıq və bostançılıq ilə məşğul olur.

İstinad edilən mənbələr:

  • Sədaqət Kərimova. Qusar, qusarlılar. Bakı-2011.
  • Nazim Tapdıqoğlu (Vəlişov). Qusar ensiklopediyası. Bakı-2018.
  • Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. Bakı-2007.
  • Кавказский календарь на 1915 год. Тифлис-1914.
  • В.Ф. Минорский. История Ширвана и Дербенда X-XI веков. Москва-1963.