Şimal bölgəsində “Azərpoçt” MMC tərəfindən yeni “Extra” layihəsinə start verilib. Bu barədə  ShimalNews  2 dekabr tarixində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin səhifəsinə istinadən məlumat verir.

Pilot layihə üzrə Xaçmaz, Quba, Qusar rayonlarından Bakıya göndərilən poçt bağlamaları və banderollarına şamil olunur.

Həmin rayonlardan qəbul edilən “Extra” göndərişlər gün ərzində ən qısa zamanda Bakı Avtovağzalının “Şəbəkə” xidmət mərkəzində (AZ1144) və Poçt Daşıma Mərkəzinin (PDM) çıxış məntəqəsində (AZ9502) birbaşa alıcıya təhvil verilir.

Bağlamalar yalnız ünvançının özü tərəfindən təyin olunan məntəqədən götürülür. Vətəndaşlar şəxsiyyət vəsiqəsi ilə regionda fəaliyyət göstərən istənilən poçt şöbəsinə yaxınlaşa bilərlər.

“Şəbəkə” xidmət mərkəzi hər gün (bayram günləri daxil olmaqla) saat 09:00-dan 21:00-dək fəaliyyət göstərir. PDM-in poçt göndərişlərinin çıxış məntəqəsi isə fasiləsiz xidmət göstərir.