Qubada Zərdabi qəsəbəsinin tam orta məktəbində “Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirmə tədbiri keçirilib. Bu barədə ShimalNews-a 23 noyabr tarixində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Facebook səhifəsinə istinadən məlumat verir.

Tədbir Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə baş tutub. Burada polis əməkdaşları, təhsil şöbəsinin nümayəndələri, məktəbin pedaqoji heyəti və yuxarı sinif şagirdləri iştirak ediblər.

Görüşdə çıxış edən şöbənin rəis müavini, polis polkovnik-leytenant Vüsal Rüstəmov narkotiklərin qanunsuz dövriyyəsinin cəmiyyətə və insanların sağlamlığına vurduğu zərərlərdən danışıb.

Həmçinin o, bu ilin əvvəlindən polis əməkdaşları tərəfindən narkotiklərlə mübarizə tədbirləri nəticəsində aşkarlanmış faktların statistikasını qeyd edib.

Rüstəmov gənclərə “Ağ ölüm”ə qarşı mübarizədə maarifləndirmə işinin vacibliyini də bildirib.

Sonda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.