Qubada “Rəqəmsal icra hakimiyyəti” – rih.gov.az portalı tətbiq olunacaq. Təqdimat mərasimi bu gün paytaxtda keçirilib. Bu barədə ShimalNews 23 noyabr tarixində “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi”nə (bundan sonra – Dövlət Agentliyi) istinadən məlumat verir.
Bu portal “ASAN standartları”nın tətbiq edilməsi çərçivəsində həyata keçirilir. Göstərilən bir sıra xidmətlərin onlayn rejimdə və İH-i tərəfindən göstərilən xidmətlərin fiziki formatda “ASAN” standartlarına uyğun olaraq vətəndaşlara təqdim edilməsini əhatə edir.
Tədbirdə Dövlət Agentliyinin, Prezidentinin Administrasiyasının, beynəlxalq təşkilatların nümayəndələri, rayon, şəhər icra hakimiyyətlərinin başçıları və digər qonaqlar iştirak ediblər. Onlar görülən işlərin vacibliyini vurğulayıblar.
Yerli icra hakimiyyətləri xidmətlərinin elektronlaşdırılması “Yerli İnkişaf üçün Yaxşı İdarəetmə” proqramı çərçivəsində həyata keçirilir. İlkin mərhələdə bölgə əhali çoxluğuna və “ASAN xidmət” mərkəzlərinin yerləşməsinə görə seçilib. Gələcəkdə digər icra hakimiyyətlərində də tətbiq ediləcək.