Qubanın Vətən müharibəsi şəhidlərinə həsr edilən kitabın təqdimat mərasimi keçirilib. Bu barədə ShimalNews 17 noyabr tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının Facebook səhifəsinə istinadən məlumat verir.

Tədbir şəhidlərin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Burada kitabın müəllifi haqqında məlumat verilib. “44 günlük tarixi möcüzə” adlı kitabın müəllifi ADPU-nin Quba filialının Təbiət fənləri və onun tədrisi kafedrasının müəllimi Şıxəmməd Seyidməmmədovdur. O, 1 fevral 1952-ci ildə Qımıl kəndində anadan olmuşdur.

Daha sonra tədbirdə çıxış edən filialın direktoru dosent Y.Alıyev bildirib ki, müəllifin son bir illik hərb tarixinə ən böyük xidməti yazdığı kitabıdır.

Sonda Seyidməmmədova filialın rəhbərliyi tərəfindən gənc nəslin vətənpərvərlik tərbiyəsində göstərdiyi xidmətlərə görə fəxri fərman təqdim edilib. O, bu diqqət və qayğıya görə filial rəhbərliyinə, əməyi keçən hər kəsə təşəkkürünü bildirib.

Həmçinin burada müəllifin həyat və yaradıcılığına dair rəsmlər nümayiş olunub.