“Qubanın ağ alması” mahnısının yaranma tarixi haqda dəqiq məlumat yoxdur. Ehtimal olunur ki, bir vaxtlar sevgilisinin tezliklə dönməsini istəyən bir şəxs bu mahnını ona yazmışdır:
“Qubanın ağ alması,
Yeməyə var alması
Yarım gələnə qalıb
Yaramın sağalması”
Bu mahnının ilk ifaçısı Cahan Talışinskaya idi. Lakin həmin səs yazısı bu günə kimi gəlib çatmayıb. Bir fikrə əsasən, Cahan Talışinskaya bu mahnını Qubada qastrol olduğu zaman eşidib və eşitdiyi kimi ifa edərək yayıb. Digər məlumatlara görə isə, mahnını Cahan Talışinskaya üçün əslən Qubadan olan rəssam Reyhan Topçubaşova zümzümə edib. O, cərrah və ictimai xadim Mustafa Topçubaşovun həyat yoldaşı idi. Bu hadisədən sonra mahnı Cahan Talışinskayanın ifasında yayılır.
Mahnı Səxavət Məmmədovun ifasından sonra daha da məşhurlaşır. Sonra isə onu Fatma Mehrəliyeva, Könül Xasıyeva, Brilliant Dadaşova, Azərin və digər müğənnilər də ifa edib.
Türkiyədə bu mahnı “İğdırın ağ alması” kimi ifa olunur. Bununla bağlı, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral fikrini belə bildirib: “Biz tarixi, soyu və mədəniyyəti bir olan xalqıq. Tariximizi birlikdə araşdırmalıyıq. Biz 70 il bir-birimizdən ayrı qalmışıq…”Qubanın ağ alması”nı “Iğdırın ağ alması” bilirdik. Türkiyə xaricində ən çox şəhid məzarlarımız Azərbaycandadır. Türkiyə-Azərbaycan münasibətləri dəmir bağlardan daha güclüdür…”.
Mənbələr:
- Maşallah Xudubəyli. Nəğməli, muğamli dünyam. Bakı-2012.
- http://anl.az/down/meqale/xalqcebhesi/2012/mart/239470.htm
- https://www.youtube.com/watch?v=DzYNPKgBSCs
- https://oxu.az/society/240506