Qubalı Səməndər Axundzadə: xaricdə təhsil alan ilk azərbaycanlılardan biri

5 Noyabr 2021, 8:57

Photo Shimal.News

O, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin ali təhsil almaq üçün xaricə göndərilmiş 100 tələbələrdən biri idi

Axundzadə Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş ilk 100 tələbədən biri idi.

Axundzadə 1918-ci ildə Bakı realnı məktəbini (indiki Azərbaycan Dövlət İqtisad Universitetinin binasında yerləşib) bitirib. Parlamentin 1919-cu ilin qərarına görə, Ağasəməndər təhsilini dağ mühəndisliyi sahəsində davam etmək üçün Almaniyanın Frayberq Dağ-Mədən Akademiyasına göndərilib. Tələbəlik illərində neft mədənlərində fəhlə işləyib. 1924-cü ildə dağ-mədən mühəndisi diplomunu alıb, bir il sonra isə Almaniyanın Berlin neft mədənlərində təcrübə keçib.

Vətənə qayıtdıqdan sonra, 1932-1933-cü illərdə o, Azərbaycan SSR Dövlət Plan Komitəsində ağır sənaye bölməsində işləyib. 1933-1959-cu illərdə müxtəlif təhsil müəssisələrində müəllim kimi fəaliyyət göstərib.

Axundzadə İstanbulda bir məhkəmə prosessində, 1918-ci ilin martında Bakıda ermənilərin törətdiyi soyqırımının şahidi kimi çıxış edib. O, türklər gələndən sonra şəhərdə qayda-qanun yaradıldığını və əhalidən silahların yığıldığını söyləyib: “Mən də əhalidən əllərdə olan silahları toplayanların arasında olduğumdan, xalqın bütün silahları təhvil verdiklərini gördüm”.

Ağasəməndər Axundzadə 1933-cü ildə cəsusluq ittihamı ilə həbs olunub. Dindirilmədə onun cəsusluq fəaliyyəti təsdiq olunmur və o, azadlığa buraxılır. Bununla bağlı iki versiya mövcuddur. Bir versiyaya görə, Avropadan vətənə subay qayıtmağı onun cəsus olmadığını sübut edib. İkinci versiyaya görə isə, Mircəfər Bağırovun onu həbsdən azad etməsi ilə bağlıdır.

Səməndər Axundzadə 22 dekabr 1968-ci ildə Bakı şəhərində vəfat edib. O, Köhnə Yasamal qəbiristanlığında dəfn olunub.

Mənbələr:

  1. Ədalət Tahirzadə, Oğuztoğrul Tahirli. Azərbaycan Cümhuriyyəti tələbələri. Bakı-2016.
  2. Azərbaycan Xalq Cümhuriyyəti ensiklopediyası. Bakı-2004.
  3. https://axar.az/news/toplum/29435.html
  4. http://soyqirim.az/ru/link/4956

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.