Qusarın Zuxul kəndinin tarixi

2 Noyabr 2021, 18:30

Photo Shimal.News

Kənddə albanların və xəzərlərin dövrünə aid abidələr mövcuddur

Zuxul kəndi Qusar rayonunun mərkəzindən 83 kilometr şimal-qərbdə, Samur çayının sol sahilində yerləşir.

Zuxul kəndinin ilk məskəni, qədim dövrlərdə “Pazu” (Razi) adlanan yer olmuşdur. Sonralar kənd əhalisi oradan “Yaran kunt” adlı təpəyə köçmüşdür. Bu təpə qədim zamanlarda əhali üçün müşahidə məntəqəsi rolunu oynamışdır.

Zuxul kəndindəki üçmərtəbəli qəbiristanlığın izləri Qafqaz Albaniyası dövrünə aid edilir.

Zuxul kəndində, bulaq başında “Cavanlar piri” yerləşir. Onun tarixi xəzərlərin (qədim türk tayfaları) hücumları dövrünə aiddir.

Kənd bir zamanlar öz məscidi ilə tanınırdı. Deyilənə görə, kim bu məscidin binasına zərər vermək istəyirdisə, həmin adamın başına bədbəxt hadisə gəlirdi. Məsələn, bir nəfər məscidin dirəklərini oğurlayıb evinə apardığı gün, samovardan çıxan köz onun sol gözünü kor edib. Digər biri qolunu itirmişdir. Başqa bir nəfərin isə hər iki ayağı sınmışdı.

1950-ci ildə Zuxulda kolxozlararası su elektrik stansiyası istifadəyə verilmişdir. 1957-ci ildə isə sovet höküməti tərəfindən Zuxul kəndi Samur çayının sahilinə köçürülmüşdür.

1915-ci ilə olan “Qafqaz təqvimi”-ndə əhalinin siyahıyaalınması məlumatına əsasən, Zuxul kəndində 769 nəfər yaşayırdı. Nazim Tapdıqoğlunun “Qusar ensiklopediyası” kitabında 2018-ci ilin məlumatına görə, kənd əhalisinin sayı 430 nəfər idi. Kəndin əhalisi, əsasən, heyvandarlıq, əkinçilik, arıçılıq, bağçılıq və bostançılıq ilə məşğul olur.

Mənbələr:

  1.   Sədaqət Kərimova. Qusar, qusarlılar. Bakı-2011.
  2.   Nazim Tapdıqoğlu (Vəlişov). Qusar ensiklopediyası. Bakı-2018.
  3.   Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. Bakı-2007.
  4.   Кавказский календарь на 1915 год. Тифлис-1914.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.