Ad günündə şəhidlik zirvəsinə ucalan Ceyhun İsayev

26 Oktyabr 2021, 11:04

Foto açıq mənbələrdən

O, ölümündən sonra “Suqovuşanın azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif olunub

İsayev Ceyhun Rüstəm oğlu 26 oktyabr 2001-ci ildə Quba rayonunun Gültəpə kəndində anadan olub.

15 sentyabr 2009-cu ildə Gültəpə kənd tam orta məktəbinin 1-ci sinifinə gedib. Lakin 11-ci sinfi Quba rayonunun Alekseyevka kəndində bitirib. Məktəbi bitirdikdən sonra, Quba Tibb Kollecinə qəbul olub. 2019-cu ildə hərbi xidmətə getmək yaşı çatdığından təhsilini müvvəqqəti dayandıraraq, hərbi xidmətə yollanıb.

Vətən Müharibəsinin ilk günündən döyüşlərə qatılan Ceyhun əvvəlcə Talış kəndinin sonra isə Suqovuşanın azad olunması uğrunda döyüşlərdə fəal iştirak edib. 20 oktyabr 2020-ci ildə Müdafiə Nazirliyi Azərbaycan Ordusunun qələbələrində əməyi olan hərbi qulluqçularımızın televiziyada fotolarını paylaşmışdı. Həmin döyüşçülər arasında Ceyhun İsayev də var idı.

İsayev Ceyhun 26 oktyabr səhər qardaşı ilə telefonla danışmışdı. Həmin gün onun 19 yaşı tamam olmuşdu. Ailəsinə: “Məndən narahat olmayın, hər şey yaxşıdır” dedi. Həmin söhbətdən iki saat sonra Ceyhun Füzuli uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucaldı. İsayev Ceyhun Gültəpə kənd qəbiristanlığında dəfn olunub.

Şəhidin 6 nəfərlik ailəsində Ceyhundan böyük 2 bacısı və ondan kiçik bir qardaşı var. Onların sözlərinə görə: “Ceyhun yaxşı övlad idi. Kolleci bitirib həkim olmaq istəyirdi. Sevdiyi qız da var idi. Biz onunla fəxr edirik”. Ceyhunla bağlı xatirələrdə sinif və kollec yoldaşlarının sözlərinə görə: “Ceyhun xasiyyət baxımından istiqanlı, deyib-gülən oğlan olub”.

Şəhid Ceyhun İsayev ölümündən sonra “Suqovuşanın azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif olunub.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.