Qusar Mərkəzi Xəstəxanasının direktoru rüşvət alarkən tutulub. Bu barədə 20 oktyabr tarixində Report  məlumat verib.

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

“Qusar rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin direktoru Mübariz Zeynalov tibb müəssisəsinin həkim-stomatoloqunun xidməti istifadəsinə veriləcək stomatoloji qurğunun adının xəstəxana tərəfindən büdcə vəsaiti hesabına alınacaq avadanlıqların siyahısına salınmaqla ona təqdim edilməsi müqabilində sonuncudan rüşvət qismində istədiyi 2000 manat pul vəsaitinin 1000 manatını alıb.

Keçirilmiş əməliyyat tədbirləri ilə M.Zeynalov tələb etdiyi rüşvətin qalan 1000 manat məbləğini xəstəxanadakı xidməti otağında rüşvət qismində alarkən cinayət başında yaxalanıb.

Faktla bağlı Cinayət Məcəlləsinin vəzifə səlahiyyətlərindən sui-istifadə və rüşvət alma maddələri ilə cinayət işi başlanaraq, Mübariz Zeynalov şübhəli şəxs qismində tutulub.