Xaçmazda aşıq sənətinin nümayəndəsi Aşıq Ələsgərin anadan olmasının 200 illiyi qeyd edilib. Bu barədə 16 oktyabr tarixində AZƏRTAC xəbər verib.
Tədbir açıq səma altında yaradılmış Şəxsiyyətlər muzeyində təşkil edilib. Yubiley tədbirində qüdrətli söz ustadının həyat və yaradıcılığından bəhs olunub, onun əsərlərindən parçalar ifa edilib.
Aşıq Ələsgərin nəticəsi, “Dədə Ələsgər Ocağı” İctimai Birliyinin sədri Xətai Ələsgərov çıxış edərək aşıq sənətinə, Dədə Ələsgər yaradıcılığına verilən dəyərə görə ölkə rəhbərliyinə minnətdarlığını bildirib.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısının müavini Günel Nurəddinova qeyd edib ki, Aşıq Ələsgər çoxəsrlik keçmişə malik aşıq sənəti ənənələrinə ən yüksək bədii-estetik meyarlarla yeni məzmun qazandırıb, xalq ruhu ilə həmahəng əsərlər yaratmaqla Azərbaycanın mədəni sərvətlər xəzinəsinə misilsiz töhfələr bəxş edib. Sənətkarın doğma təbiətə məhəbbət və vətənpərvərlik hisslərini vəhdətdə aşılayan, ana dilimizin saflığını, məna potensialını və hüdudsuz ifadə imkanlarını özündə cəmləşdirən dərin koloritli yaradıcılığı Azərbaycan ədəbiyyatının parlaq səhifələrindəndir.