Ömrünün 113 ilini xalçaçılıq sənətinə həsr edən Zibeydə Şeydayeva

16 Oktyabr 2021, 14:00

Foto açıq mənbələrdən

Onun toxuduğu xalçalar London, Paris, Nyu-York və Monrealda sərgilərdə nümayiş etdirilmişdir

Azərbaycanın xalça ustası Zibeydə Şeydayeva 1 aprel 1860-cı ildə Qusar rayonunun Hil kəndində anadan olub.

Zibeydə xanım xalçaçılıq sənətini 8 yaşında olarkən anası Pərvinazdan öyrənmişdir. O, ömrünün 113 ilini xalça dəzgahı arxasında keçirmişdir.

Şeydayeva “Safar”, “Zərli Zibeydə”, “Qala”, “Gatfar”, “Sülh göyərçini”, “Qızıl ulduz”, “Xonçalar”, “Şahdağ” kimi xalça nümunələrinin yaradıcısıdır. Onun toxuduğu xalçaları və sumax nümunələri London (İngiltərə), Paris (Fransa), Nyu-York (ABŞ) və Monrealda (Kanada) keçirilmiş ümumdünya sərgilərində nümayiş etdirilmişdir.

1874-cü ildə əmək fəaliyyətinə başlamış Zibeydə, Çar Rusiyası dövründə manufaktura üzvü olmuşdur.

1924-cü ildən o, Qusardakı “Sumaq” xalça emalatxanasının üzvü seçilmişdir. Sonradan Qubaya köçmüş, orada əmək fəaliyyətini davam etdirmişdir.

1974-cü ildə Zibeydə Şeydayevanın əmək fəaliyyətinin 100 illiyi Qubada qeyd olunub. Bu zaman o, “Lenin” və “Qırmızı Əmək Bayrağı” ordenləri ilə təltif olunmuşdur. 1975-ci ildə isə “Əmək veteranı” medalına layiq görülmüşdür.

Şeydayeva 1975-ci ildən Quba Şəhər Sovetinin deputatı olmuşdur.

Zibeydə xanım 1981-ci ildə Qusar rayonunun Gündüzqala kəndində, 121 yaşında vəfat edib və kənd qəbiristanlığında dəfn olunub.

Mənbələr: 

  1. Sədaqət Kərimova. Qusar, qusarlılar. Bakı-2011.
  2. Vaqif Müşkürvi. Ata ocağım Hil. Bakı-2020.
  3. Azerbaycan Qadın Ensiklopediyası, Bakı-2002.
  4. https://www.gender-az.org/index_az.shtml?id_main=19&id_sub=70&id_sub_sub=68
  5. https://zen.yandex.ru/media/albanvi/zibeida-sheidaeva–kovrotkachiha-s-mirovym-imenem-5f9e6a6e9ac0705ae4911f99
  6. http://anaveusaq.az/tarixde-bu-gun/2581-tarixde-bu-gun-1-aprel.html

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.