Qubada yaşayan buduqlular

13 Oktyabr 2021, 15:45

Foto açıq mənbələrdən

Buduqlular Azərbaycanda yaşayan ən qədim sakinlərdən hesab edilirlər

Buduqlular Şahdağ etnik qruplarına aid olan milli etnik nümayəndələrdəndir. Onlar Quba rayonunun Buduq kəndində məskunlaşmışdırlar. Buduqlular Azərbaycanda yaşayan ən qədim sakinlərdən hesab edilirlər və dünyada ancaq Qubada sıx şəkildə yaşayırlar.

“Buduq” sözü qədim türk dillərində “dəliqanlı, hirsli” mənasını verir. “Buduq” oykonimi buduqlulara qonşu xalqlar, etnik qruplar tərəfindən verilmiş addır. Buduqlular isə özlərini “budad” adlandırırlar. Deyilənə görə, Çar Rusiyası dövründə Qubada ilk “bəy” titulunu bu kəndin sakinlərinə verirdilər.

Buduqlulara dair əldə olunan ilk tarixi məlumat Xlll əsrin sonu XlV əsrin əvvəllərində yaşamış filosof Fəzlullah Rəşidəddinin “Cəmi ət-Təvarix” (tarixlərin toplusu) əsərində verilmişdir. Buduqlularla bağlı ilk rəsmi sənəd isə 1607-ci ildə Səfəvi hökmdarı l Şah Abbas tərəfindən verilmiş fərmandır. Abbasqulu ağa Bakıxanovun “Gülüstani-İrəm” əsərində, buduqlular haqqında məlumat verilir. XVlll əsrdə Buduq eyni adlı mahalın mərkəzi olmuşdur.

Buduqluların öz dili var və budaq dili adlanır. Bəzi səslər ancaq bu dilə məxsusdur. Buduq dili haqqında məlumatlar XVIII əsrdə səyyah İ.Q.Qerberin kitabında və 1895-ci ildə R.Erkertin əsərlərində rast gəlinir.

Buduqlular qədimdən heyvandarlıq, dulusçuluq, xalçaçılıq, bostançılıq, bağçaçılıq, tərəvəzçilik, toxuculuq sənəti ilə məşğul olublar.

2018-ci ilin məlumatına görə, Buduq kəndində onların sayı 200-300 nəfər təşkil edirdi.

Mənbələr: 

  1. Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. Bakı-2007.
  2. Abbasqulu Ağa Bakıxanov. Gülüstani-İrəm. Bakı-1951.
  3. Рашид ад-Дин. Джами-ат-таварих. Баку-2011.
  4. Юрий Борисович Коряков. Атлас Кавказских языков. Москва-2006.
  5. Букар Бекирович Талыбов. Будугский язык. Москва-2007.
  6. http://atlas.musigi-dunya.az/az/et_bud_.html
  7. https://www.youtube.com/watch?v=nHUBv1cgJbU
  8. https://www.youtube.com/watch?v=7se7uboPJGI&t=312s
  9. http://www.anl.az/down/meqale/paritet/2010/dekabr/148202.htm

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.