Xaçmazlı gəlinə həsr olunan “Dağlar qızı Reyhan” mahnısı

9 Oktyabr 2021, 18:00

Foto açıq mənbələrdən

Bu mahnının bəstəkarı Fikrət Əmirovdur

1989-cu ildə Zeynəb Xanlarova ABŞ-da konsert verən zaman “Dağlar qızı Reyhan” mahnısı amerikalılar tərəfindən böyük maraqla qarşılanır və mahnı yenidən səsləndirilir. Sonradan məlum olub ki, amerikalılar mahnıdakı Reyhan sözünü “Reyqan” başa düşüblər və Amerika Birləşmiş Ştatlarının prezidenti Ronald Reyqana həsr olunduğunu güman ediblər.

Bu mahnının hekayəsi 1918-ci ilin Mart soyqırımı ilə əlaqəlidir. Soyqırım zamanı erməni daşnakları azərbaycanlıların toyuna hücum edərək bəyi öldürürlər. Əslən Xaçmazın Padar kəndindən olan Reyhan adlı gəlin isə qaçıb gizlənmişdir.

Sonradan Reyhan başına dəstə yığaraq Qubada “Gəlinqaya” adlandırılan yerdə erməniləri darmadağın edir. O, 1928-ci ildə ermənilər tərəfindən güllələnməyə məhkum edilir. Lakin onu ölümdən Mir Cəfər Bağırov xilas edir. Ad və soyadı dəyişdirilərək, gizli şəkildə Krımda monastıra yerləşdirilir.

Əsərin sözlərini yazmaq şair Tələt Eyyubova tapşırılır. 1950-ci illərdə isə bəstəkar Fikrət Əmirov bu qəhrəman qıza həsr olunan “Dağlar qızı Reyhan” şeirinə musiqi bəstələyib. Onlar biryerdə “Reyhan” mahnısı üzərində çalışıblar.

Mahnını ilk dəfə 1960-cı ildə SSRİ Xalq artisti Rəşid Behbudov ifa edib. 1965-ci ildə isə müğənni Flora Kərimova “Reyhan” mahnısını ifa edən ilk qadın ifaçı olub. Lakin mahnı 1966-cı ildə Xalq artisti Zeynəb Xanlarovanın ifasında məşhurlaşıb.

1968-ci ildə Türkiyədə “Reyhan – Dağlar kızı” filmi də çəkilib. Filmdə Reyhan obrazını türk aktrisası Filiz Akın ifa edib. “Reyhan” mahnısı bu filmdə də səsləndirilib.

2018-ci ildə çəkilən türk “Şahsiyet” serialının sonuncu seriasında bu mahnı türk dilində səslənmişdir.

Mənbələr: 

  1. https://edebiyyat.az/musiqi/647-daglar-qizi-reyhan.html
  2. http://qadinla.com/heyat-terzi/maraqli/103157-mahninin-yaranma-tarixchesi-daglar-qizi-reyhan-.html
  3. https://web.archive.org/web/20210112010021/https://qaziler.az/news.php?id=44192#.X_z0rX3sSUl
  4.  https://sitat.news/daglar-qizi-reyhan-mahnisinin-tarixi
  5. https://www.youtube.com/watch?v=LhPFatWEJkE
  6. https://oxu.az/society/329455
  7. https://www.youtube.com/watch?v=8h_u23zyiFg

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.