Qubanın Alpan kəndinin toponimi

7 Oktyabr 2021, 16:00

Foto Shimal.news

Bəzi tədqiqatçılar “Alpan” sözünün “igid, cəsur” mənalarını ifadə etdiyini qeyd edirlər

Qubanın Alpan kəndinin toponimi

Bəzi tədqiqatçılar “Alpan” sözünün “igid, cəsur” mənalarını ifadə etdiyini qeyd edirlər

Alpan kəndi Quba rayonunda, Quruçayın sağ sahilində, Qusar maili düzənliyində yerləşir.

Ehtimal olunur ki, kəndin adı qədim alban tayfasının adını əks etdirir. Alpan (Alban) adı indi də Orta Asiyanın türkdilli xalqlarında tayfa adı kimi mövcuddur. Alpan (Alban) toponiminin qədim türk dilli etnosun adını bildirməsi haqqında tədqiqatçılar müxtəlif fikirdədirlər.

Ağamusa Axundov “Torpağın köksündə tarixin izləri” adlı kitabında “Alpan” sözünün “igid, qəhrəman, pəhləvan,cəsarətli, qorxmaz” mənalarını bildirdiyini yazırdı. Budaq Budaqov, Qiyasəddin Qeybullayev, Qara Məşədiyev və digər tədqiqatçılar da Alpan (Alban) toponimi “igid, cəsur” mənalarını ifadə edən türk sözü “alp” və “an” morfemlərindən ibarət olduğunu qeyd edirdilər.

Azərbaycan tarixçisi Abbasqulu Ağa Bakıxanov “Gülüstani-İrəm” kitabında “Alpan” sözünün “Alban” adının qalığı olduğunu yazır. O, “Alban” sözünün “alb” hissəsini latın dilindəki “alp” sözü ilə əlaqələndirib, mənası təxminən “ucalıq, hündürlük” anlayışına yaxın olduğunu yazırdı. Gürcü tarixçisi Nikolay Marr, rus tarixçisi Kamilla Trever, azərbaycan tarixçisi Zelik Yampolski və digərləri  “Аlban” adının latın mənşəli söz olduğunu və “yüksəkliklər, dağlar ölkəsi” mənasını verdiyini qeyd edirdilər.

Bəzi tədqiqatçılar “Alpan” adının “illipi-illipan-alpan” sözündən qalma ad olduğunu ehtimal edirlər. İran tarixçisi Bahar “illipi”lərin lullubi tayfasının olduğunu söyləyirdi. “İllipi” sözünə Aşşur e.ə. II minilliyə aid mixi yazılarında (Şumerlərin istifadə etdiyi yazı) rast gəlmək olar. Güman edilir ki, Şimali Azərbaycan ərazisinin ilk sakinləri olan alpanlar Azərbaycanın cənub ərazilərindən şimala köçüb Şahdağ massivi ətəklərindəki düzənliklərdə məskunlaşmışdırlar.

Tarixçilər Ağamir Məmmədov və Yusif Yusifov öz əsərlərində “Alpan” sözünü “işıqlı, parlaq səma” mənalarında izah etmiş və onu mənşəcə avarlarda tətbiq olunan “halbi” sözü ilə əlaqələndirmişdilər.

Mənbələr:

  1. Аббас-Кули-aгa Бакиханов. Гюлистан-и-Ирам. Баку-1991
  2.  Ağamusa Axundov.Torpağın köksündə tarixin izləri. Bakı-1983
  3. Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. Bakı-2007
  4. Abbasqulu Ağa Bakıxanovun “Gülüstani-İrəm” əsərində qeydə alınmış toponimlərin tarixi-linqvistik təhlili. Bakı-2017
  5. http://alpan.az/alpan-toponimi-haqqinda/
  6. http://alpan.az/albanlarin-ilk-yurdu-alpan/

Foto Shimal.news

Foto Shimal.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.