Məscid Quba rayonunun Birinci Nügədi kəndində yerləşir. 1905-1907-ci illərdə Hacə-Hacı-Muhamməd tərəfindən tikilib.

Məscid iki mərtəbəlidir və düzbucaqlı formadadır. Qırmızı kərpicdən inşa olunub və qabaq tərəfində açıq eyvan yerləşir.

Məscidin tikintisi ilə bağlı iki maraqlı fakt var. Məscidin əsas fərqli cəhəti – onun İkinci mərtəbəsinin, eləcə də gümbəzinin iki sütun üzərində dayanmasıdır. Digəri isə – minarənin məscidin indiki binasından təxminən 10 il əvvəl tikilməsidir. Deyilənə görə, ilk dəfə minarə məscid ilə eyni vaxtda tikilib. Lakin bura gələnlərin sayı çox olduğuna görə, məscid sökülüb və yenidən iki mərtəbəli tikilib. Tikinti zamanı minarə olduğu kimi saxlanılıb.

Minarənin üzərindəki daş lövhədə bu kəlmələr yazılıb: “Bu minarə Hicri-qəməri təqvim ilə 1316-cı ildə Rəcəb ayında tikilib”. Daş lövhənin aşağı hissəsində isə belə qeyd olunub: “Əzaya qalmadan namaza tələs, ölmədən əvvəl də tövbəyə tələs. Bu minarə şərif Hacə-Hacı-Muhamməd tərəfindən tikilib.”

Minarənin sol tərəfindəki başqa bir daş lövhədə isə belə yazılıb: “Bu məscid Molla Zəki Solban oğlu tərəfindən tikilib.”

1986-cı ildə məscidin dam örtüyü yararsız hala düşüb və təmir olunub. Lakin məscidin içərisi bərpa olunmayıb.

Sovet hakimiyyəti dövründə kinoklub, idman zalı və anbar kimi fəaliyyət göstərib. 1990-cı illərdə məscidin fəaliyyəti bərpa edilib. Yerli əhalinin sözlərinə görə, hazırda məscid qəzalı vəziyyətdədir.

Mənbələr:

  1. Azərbaycan Respublikası Məscidlərinin ensiklopediyası, Bakı-2001
  2. https://sputnik.az/life/20170808/411389112/plastik-pencere-vemescid.html
  3. https://sputnik.az/azerbaijan/20190216/419451226/qubada-tarixi-minare.html
  4. https://www.youtube.com/watch?v=9_p3NVn27zY
Foto Shimal.news
Foto Shimal.news