100 il əvvəl ermənilərə qarşı döyüşən Həmdulla Əfəndizadə

29 Sentyabr 2021, 16:21

Foto Shimal.news

O, bolşevik Şalomovun komandirlik etdiyi 11-ci ordu hissələrini darmadağın etmişdir

İctimai xadim Həmdulla Əfəndizadə İsmayıl oğlu 1888-ci ildə Quba qəzası, Dəvəçi (Şabran) nahiyəsinin Qələgah kəndində anadan olub. Əfəndizadə ilk təhsilini kənd mollaxanasında və Qubadakı mədrəsədə alıb. 1906-cı ildə ikisinifli rus məktəbini bitirib. O, ərəb, fars, rus, tat və ləzgi dillərini bilirdi.

Həmdulla Əfəndizadə 1918-ci ilin noyabr ayında Quba qəzasından Cümhuriyyət Parlamentinin tərkibinə daxil edilib, “İttihad” fraksiyasının üzvü olub. 1918-ci il dekabrın 7-də açılan Azərbaycan Parlamentinə, Quba qəzasından millət vəkili seçilib.

1918-ci ilin aprelində erməni daşnakları azərbaycanlılara qarşı soyqırım törədəndə, Həmdulla əfəndi xalqı ayağa qaldıraraq, ermənilərə qarşı vuruşub.

Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra, Həmdulla Əfəndizadə bu rejimə müqavimət göstərmişdir. O, Əli bəy Zizikski, Qaçaq Mayıl, Hatam Əsgərovun könüllü dəstələri ilə birlikdə Dərə Çiçəkdə 11-ci sovet ordusuna qarşı döyüş əməliyyatında iştirak etmişdir. Həmdulla Əfəndizadə 30 avqust 1920-ci ildə 2 min nəfər könüllü döyüşçü toplayaraq, bolşeviklərə qarşı vuruşmuşdur.

7 sentyabr 1920-ci ildə Həmdulla əfəndi Şalomovun komandirlik etdiyi 11-ci sovet ordu hissələrini darmadağın etmişdir. Lakin əlavə qüvvələr alan sovet ordusu, 245-ci atıcı polkunun köməyi ilə 10 sentyabr 1920-ci ildə Əfəndizadənin olduğu Qələgah kəndinə hücum etmişdir. Əfəndizadə, döyüş zamanı yaralansa da, bolşiviklərə əsir düşmür.

Bəzi məlumatlara görə, Həmdulla Əfəndizadə 25 oktyabr 1928-ci ildə repressiyaya məruz qalaraq, Sibirə (Rusiya) sürgün olunub və orada vəfat edib. Yazıçı Kərim Dünyamalının fikrincə isə, Əfəndizadə 1929-cu ilin iyulunda Nargin (Böyük Zirə) adasında güllələnib.

 

Mənbələr:

  1. İltifat Şahsevən (Əliyarlı), Tahir Behbudov. İstiqlal fədailəri – Azərbaycan xalq cümhuriyyətinin daxili işlər nazirləri və silahdaşları (1918-1920). Bakı – Mütərcim – 2013.
  2. Azərbaycan xalq cümhuriyyəti ensiklopediyası. Bakı-2004.
  3. Солмаз Рустамова-Тогиди. Куба. Апрель-май 1918. Мусульманские погромы в документах. Баку-2020.
  4. http://soyqirim.az/link/6238
  5. http://www.anl.az/down/meqale/525/2015/may/440424.htm
  6. http://www.anl.az/down/meqale/525/2015/may/440424.htm

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.