Qusarın İmamqulukəndi: I Pyotr tərəfindən dağıdılan kənd

24 Sentyabr 2021, 13:00

Foto açıq mənbələedən

Bəzi müəlliflər səhvən bu kəndin adını İmam sözü ilə bağlayırlar

İmamqulukənd Qusar rayonunun Qudyalçay və Samur çaylarının arasında – Qusar maili düzənliyində yerləşir.

Bu kəndin adının mənşəyi ilə bağlı bir neçə fikir var. Bəzi məlumatlara görə, kəndin İmamqulu adlı şəxs tərəfindən salındığı üçün belə adlandığı ehtimal olunur. Bəzi tədqiqatçılar bu kəndin adını İslam dini ilə əlaqələndirirlər, lakin bu səhv fikirdi.

Bəzi mənbələrə əsasən, yerli əhali kəndə Dərbənd şəhərinin naibi Manqulu bəyin adını vermişdir. Ləzgicə “Manquludxür” kimi səslənir, mənası isə “Manqulunun kəndi” deməkdir.

1722-1723-cü illərdə Rusiya İmperiyasının çarı I Pyoturun yürüşü nəticəsində İmamqulukənd dağılmışdır. Ruslar gedəndən sonra, Manqulu bəy kasıb ailələrə burada ev tikməyə kömək etmişdir. Manqulunun kəndi – “İmamqulukənd” adı belə yaranmışdır.

İmamqulukənd qədim zamanlardan məhsuldar torpağı olan kənddir. XIX əsrin əvvəllərində bu kənd alma bağları və düyü plantasiyaları ilə məşhur idi. Burada, tayı-bərabəri olmayan qırmızı düyü yetişdirilirdi. 1830-cu ildə Quba əyalətində 196 min pud (təxmini 3200 ton) düyüdən, 10 min pud (təxmini 165 ton) məhsul İmamqulukəndlilərin payına düşürdü. Kəndin həmçinin böyük sürüləri və ilxıları var idi.

İmamqulukəndin sakinləri elmə və təhsilə önəm verən insanlar kimi tanınıb. 1866-cı ildə Çar höküməti əhalinin tələbi ilə Quba qəzasında üç kənddə yeni məktəblər açmışdı. Onlardan biri də İmamqulukənddə idi. 1894-cü ildə isə bu məktəbdə rus bölməsi açılmışdır.

1930-cu ildə kənddə 330 təsərrüfat mövcüd idi. Burada fəaliyyət göstərən pendir zavodunun məhsulları xarici ölkələrə də göndərilirdi.

1974-cü ildə Baykal-Amur magistralının tikintisi üzrə inşaat layihəsi (BAM) başlananda bu kənddə yeni məhəllə salınmışdır və ona “ВАМ” adı verilmişdir. Orada 50-dən artıq ev tikilmişdir.

İmamqulukəndin əhalisi, 2009-cu ilin məlumatlarına əsasən 3513 nəfər təşkil edirdi.

Mənbələr:

  1. Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. Baki-2007.
  2. Sədaqət Kərimova. Qusar, qusarlılar. Bakı-2011.
  3. http://cbc.az/az/az/v_story/bam-tkntsnd-azrbaycanin-rolu
  4. http://etsim.az/db/region/region4.php
Foto açıq mənbələedən

Foto açıq mənbələedən

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.