Qusarda arıçılara subsidiyalar ayrılıb

16 Sentyabr 2021, 16:48

Depositphotos

652 arıçı dövlət dəstəyindən faydalanıb

Qusar rayonunda bu il 652 arıçı dövlət dəstəyindən faydalanıb. Bu barədə 16 sentyabr tarixində AZƏRTAC xəbər verib.

Çiləgir kəndində yaşayan İlqar və Tofiq Musayev qardaşlarının təsərrüfatlarında 200 arı ailəsi var. Onlar hər il 1 tondan çox bal əldə edirlər. Arıçıların sözlərinə görə, bu il havanın quraq keçməsinin təsərrüfata mənfi təsir göstərib, lakin alınan məhsul qənaətbəxş olub.

“Arıları dağlıq ərazidən gətirmişik. İndi qışa hazırlıq gedir. Balın satışında çətinliyimiz yoxdur. Mənim öz müştərilərim var. Nə qədər lazımdırsa qabaqcadan sifariş verirlər. Artıq dördüncü ildir subsidiya alırıq. Bu, biz arıçılara böyük dəstəkdir”, – deyə İlqar Musayev bildirib.

Qusar rayonu əlverişli təbii və iqlim şəraitinə malikdir, arı genofondu arıçılığın inkişaf etdirilməsi üçün geniş imkanlar yaradır. Arıçıların təsərrüfatındakı arı ailələrinin hamısı pasportlaşdırılıb və hər arı ailəsinə identifikasiya kodu verilib. Hər il 100 tona yaxın bal tədarük olunur. Bu il rayonunun təsərrüfatlarında 14 min 538 arı ailəsi qeydiyyata alınıb. Arıçılara saxladıqları hər arı ailəsinə görə ildə 10 manat subsidiya verilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.