Qubanı ermənilərdən müdafiə edən: Əli bəy Zizikski

15 Sentyabr 2021, 16:00

Foto açıq mənbələrdən

O, Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin üzvü idi

Əli bəy Harun oğlu Zizikski 1874-cü ildə Qubada anadan olub. Zizikski Azərbaycan milli istiqlal hərəkatının fəal iştirakçılarından biri, Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin üzvü idi.

O, Sankt Peterburqda (Rusiya) hərbi təhsil alıb. 1917-ci ilin Fevral inqilabından sonra kapitan Zizikski Xüsusi Zaqafqaziya Komitəsi tərəfindən Quba qəzasının komissarı təyin edilmişdi (müavini Mir Cəfər Bağırov idi). O, Rusiya imperiyasında 1917-ci il oktyabr çevrilişindən sonra, qəzanın Bakı Sovetinin nəzarətinə keçməsinin qarşısını almağa çalışmışdır.

Əli bəy Zizikski Azərbaycanda 1918-ci il mart soyqırımı zamanı, öz dəstələri ilə Dağıstandan Bakının köməyinə gələn Nəcməddin Qotsinskinin (Şimali Qafqaz dağlılarının azadlıq hərəkatı liderlərindən biri) alaylarına qoşulmuşdur və müdafiə qüvvələrinə rəhbərlik etmişdir. 1918-ci ilin mayında Əli bəy Zizikski Quba şəhərini Bakı Sovetinin qüvvələrindən azad edilməsində mühüm rol oynamışdır.

1918-ci ildə artıq polkovnik rütbəsində olan Zizikski, paytaxt valisinin müavini təyin edilmiş, eyni zamanda, Quba qəzasından Azərbaycan Parlamentinə üzv seçilmişdir. O, Parlamentdə “İttihad” fraksiyasını təmsil edirdi. 1919-cu ilin aprelində “İttihad” partiyasının birinci və 1920-ci ilin yanvarında ikinci qurultaylarında, partiyanın Mərkəzi Komitəsinə üzv seçilmişdir.

1929-cu ilin sentyabr ayında ölüm cəzasına məhkum olunmuşdur. Hal-hazırda onun yaşadığı evin yerində Zizik kənd tam orta məktəbi yerləşir. Quba şəhərində küçələrdən biri onun adını daşıyır.

Mənbələr:

  1. Солмаз Рустамова-Тогиди. Куба. Апрель-май 1928. Мусульманские погромы в документах. Баку-2010.
  2. https://axc.preslib.az/az/page/bDQCXgE78T
  3. http://www.anl.az/down/meqale/azerbaycan/2014/may/367621.htm
  4. https://www.youtube.com/watch?v=4XDWh45Vl58

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.