Qubada Abbasqulu ağa Bakıxanovun ev-muzeyi: dahi tarixçi 17 il burada yaşayıb

7 Sentyabr 2021, 14:34

Foto Shimal.news

Abbasqulu ağa Bakıxanov Azərbaycan elmi tarixşünaslığının banisi sayılır

Azərbaycanın ictimai-siyasi xadimi Abbasqulu ağa Bakıxanovun xatirə muzeyi Quba rayonunun Amsar (Əmsar) kəndində yerləşir. Bu muzeyin əsası 1999-cu ildə, Bakıxanovun 1819-cu ilədək yaşadığı ərazidə qoyulmuşdur.

Ev-muzeyində 300-ə yaxın müxtəlif eksponat var. Burada Abbasqulu ağanın şəxsi əşyaları, o cümlədən əlyazmaları, kitablar və xalçalar kolleksiyası var. Onun Amsar (Əmsar) kəndində yazdığı, Azərbaycan tarixinin ilk akademik monoqrafik tədqiqatı sayılan, “Gülüstani-İrəm” əsərindən müəyyən hissələr də burada nümayiş olunur. Bakıxanov tərəfindən yaradılan “Gülüstan” elmi-ədəbi məclisinin eksponatları da ev-muzeyində saxlanılır.

Muzeyin direktoru İradə Alməmmədovanın 2017-ci ildə Publika.az-a verdiyi müsahibədə tikilinin yararsız vəziyyətdə olduğunu və onun təmirə ehtiyacı olduğunu bildirmişdir. Direktorun sözlərinə görə, burada əsaslı təmir son dəfə 2009-2010-cu illərdə həyata keçirilmişdir.

Abbasqulu ağa Bakıxanov XIX əsrin tarixçisi, filoloqu, şairi, filosofu və kosmoqrafı olub. O, Azərbaycan elmi tarixşünaslığının banisi sayılır. Rus ordusunda şərq dilləri tərcüməçisi kimi xidmət edən Bakıxanov, Rusiya və İran arasında imzalanan Gülüstan və Türkmənçay müqavilələrində tərcüməçi kimi iştirak etmişdir.

Abbasqulu Ağa Bakıxanovun atası 1802-ci ildə Bakı xanlığının taxtı uğrunda məğlub olduğuna görə, məcburi Qubaya, vaxtı ilə dayısı Qubalı Fətəli xanın ona bağışladığı Amsar (Əmsar) kəndinə köçməli olub. Abbasqulu Ağa Bakıxanov bu səbəbdən ömrünün 17 ilini burada keçirib.

Mənbələr:

 

  1. Məmmədov Z. Azərbaycan fəlsəfəsi tarixi. Bakı: Şərq-Qərb, 2006.
  2. https://publika.az/news/sosial/208471.html
  3. https://museum.az/az/museum/68
  4. https://www.youtube.com/watch?v=zQiAsZ8tmLE

 

Foto Shimal.news

Foto Shimal.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.