Qusarlı general Mahmud Əbilov: SSRİ, ABŞ və Polşanın ordenləri ilə təltif edilmişdir

3 Sentyabr 2021, 14:38

Foto Shimal.news

O, hünərinə və qəhrəmanlığına görə həmdə ABŞ və Polşanın fəxri ordenləri ilə təltif edilib

Mahmud Əbilov 1898-ci il sentyabrın 15-də Qusar rayonunun Ukur kəndində anadan olub. O 1905-ci ildə əvvəlcə atasını, 2 il sonra isə anasını itirib. 1921-ci ildə Tiflisdə komandirlər məktəbinə daxil olub. 1928-ci ildə Moskvada Baş Qərargahın ali akademik kursunu mayor rütbəsində bitirir və alay komandiri təyin olunur. 1938-ci ildə SSRİ və Yapon imperiyası arasında muharibədə iştirak etmişdir.

1942-ci ildə polkovnik-leytenant Əbilov Böyük Vətən Müharibəsinə yollanır. 1943-cü ildə Smolensk və Roslavl şəhərlərini (hal-hazırda həmin şəhərlər Rusiyanın Smolensk vilayəti ərazisindədir) düşməndən azad edir və buna görə “Kutuzov” ordeni ilə təltif olunur.

O, 1945-ci ildə Berlini (Almaniyanın paytaxtı) fəth edənlərdən biri olur.

ABŞ-ın 33-cü prezidenti Harri Trumen general Əbilov haqqında imzaladığı sənəddə yazılır:

“Ağ ev, Vaşinqton. İnformasiya legionu üçün sitat. Qızıl Ordunun diviziya komandiri Mahmud Əbilov 1943-cü ilin avqustundan 1945-ci ilin may ayınadək çox böyük mərdlik göstərmiş və ona etibar olunan döyüşlərə bacarıqla rəhbərlik etmişdir. Diviziya onun komandanlığı altında döyüşə-döyüşə Desna çayını (Rusiya və Ukrayna ərazisindən keçir) keçmiş, Narev çayının (Belarus və Polşa ərazisindən keçir) sahillərini tutmuş və faşist qoşunlarının böyük bir qrupunu darmadağın etmişdir. Bununla da ordunun əsas qüvvələrinin Berlinə doğru irəliləməsini asanlaşdırmışdır. General Mahmud Əbilovun cəsur hərəkəti, şəxsi nümunəsi, rəşadəti və mərdliyi diviziya qarşısında qoyulmuş vəzifələrin yerinə yetirilməsinə çox kömək etmişdir…” – bu sənədin surəti hazırda Qusar rayon diyarşünaslıq muzeyində saxlanılır.

General Əbilov hünərinə və qəhrəmanlığına görə həm də ABŞ və Polşanın fəxri ordenləri ilə təltif edilib.

1950-1958-ci illərdə Əbilov SSRİ Ali Sovetinin deputatı olub. 1972-ci il yanvarın 2-də dünyasını dəyişib və Bakıda, Birinci Fəxri Xiyabanda dəfn olunmuşdur.

1988-ci ildə Qusar şəhərinin mərkəzi parklarından birinə Mahmud Əbilovun adı verilib və burada onun büstü qoyulub. Generalın doğma kəndi Ukurda onun abidəsi ucaldılıb, kənddəki məktəbə adı verilib.

Mənbələr:

Şəmistan Nəzirli. Arxivlərin sirri açılır. Bakı-1999.
Elbrus Şahmar. Qusar beşiyim mənim (sənədli, bədii-publisistik xatirə roman). Bakı-2012.
https://web.archive.org/web/20141129020118/http://www.mi-dag.ru/news/115/veterans/2007/12/12/3239
http://www.knowbysight.info/1_SSSR/08966.asp
http://www.knowbysight.info/1_SSSR/10245.asp
https://azertag.az/xeber/Boyuk_Veten_muharibesinde_diviziya_komandiri_vezifesine_ve_general_mayor_rutbesinedek_yukselen_azerbaycanli-853802

Foto Shimal.news

Foto Shimal.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.