Şeyx Yusif Türbəsi – Xaçmazda arzuların gərçəkləşdiyi yer

1 Sentyabr 2021, 12:45

Foto açıq mənbələrdən

Hal-hazırda Xaçmaz rayonunun Şıxlar kəndində yerləşir

XIV-XV əsrlərdə Azərbaycanda xəlvəti təriqəti (sufi təriqətlərindən biridir) geniş yayılmışdır. Mövlanə Şeyx Molla Yusif Müsküri bu təriqətin ikinci qurucusu olan “Piri-sani” Seyid Yəhya Bakuvinin davamçısıdır. Şeyx Yusif türbəsi hal-hazırda Xaçmaz rayonunun Şıxlar kəndində yerləşir.

İndi nəinki Azərbaycandan, hətta Dağıstandanda bu türbəni ziyarət etməyə insanlar gəlir, nəzir-niyaz verir, arzularını, diləklərini pıçıldayıb gedirlər. Türbənin həyətindəki niyyət ağacına bağlanan parçaların çoxluğundan da xeyli sayda ziyarətçinin gəldiyi bəlli olur. Bir də həyətdə çox sayda xırda daş qalaqları diqqət çəkir. Yaxınlaşanda görünür ki, bunlar sıradan daşlar deyil. İnsanlar bu daşları üst-üstə qoymaqla arzuladıqları evin formasını yaradırlar. İnanca görə, daşlar anında uçmasa, arzuladığın evə sahib olacaqsan.

Türbə iç-içə iki otaqdan ibarətdir. Günbəzin altındakı əsas otaqda Şeyx Yusif və xanımı, digər otaqda isə müridləri (təriqət şeyxinin şagirdləri). Türbənin həyətində də bir neçə məzar var. Xüsusi ornamentli, hündür başdaşlarının üzərindəki yazılar qəbirlərin təriqət mürşidinin doğmalarına aid olmasını göstərir. Həmin yazılardan məlum olur ki Şeyx Yusifin digər övladları və nəvələri də şeyxlik titulu qazanıb, onun nəzəriyyəsini indiki Azərbaycan ərazisində təbliğ ediblər.

Türbə Şeyx Yusif Həzrətlərinin nəsilindən olan Seyidlər kənd sakini Teyyub Seyid Hacıbala oğlu tərəfindən 1986-ci ildə bərpa olunmuşdur. Şeyx Yusif Müskürinin türbəsi bir dəfə yandırılıb. Qısa vaxt sonra bərpa olunub.

Mənbələr:

 

  1. Qələmşah İdrisov. Xaçmaz toponimləri s. 88, 2011
  2. https://xeber.media/news/15512852/mescidi-ucurur-movhumati-qoruyuryasil-qutunun-sehri-video

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.