Hacı Cəfər məscidi Quba şəhərinin Ərdəbil küçəsi 62-də yerləşir. 1905-ci ildə yerli dindar Hacı Cəfər tərəfindən tikilmişdir.
Məscidin imamı Hacı Elnur Əfəndi sozlərinə gorə: “Ermənilər Qubada soyqırımı törədən zaman qocaları, qadınları və uşaqları bu məscidə toplayıb diri-diri yandırmaq istəyiblər. Həmin vaxt məscidin axundu olmuş Hacı Baba bunun qarşısını alıb. Hacı Baba evində kimsəsiz erməni qızlarını öz qızları kimi böyüdüb, saxlayıb və bunu ermənilərə bildirib. Deyib ki, biz sizin qızlarınıza öz övladlarımız kimi baxırıq, əvəzində siz bizi öldürmək istəyirsiniz. Bundan sonra düşmənlər öz bəd niyyətlərindən əl çəkiblər və soydaşlarımız xilas olublar”. Məscid bu hadisədən sonra yerli əhali arasında “Hacı Baba” adlandırılıb.
Hacı Cəfər məscidi Qubanın ən boyük məscidi sayılır və iç sahəsi 400 kv.m təşkil edir. Bu məscid pirin üzərində tikilib. Kərpicdən inşa olunub və 4 otaqdan ibarətdir. Tavanı və döşəməsi taxta ilə işlənib. Mehrab (namaz qılarkən insanların üzlərini çevirdikləri oyuq yer) sadə quruluşa malikdir və qoz ağacından düzəldilib. Məscidin mismardan istifadə edilməyərək hazırlanan qədim oyma naxışlı qapısı indiyənədək qorunub saxlanılıb.
Məscid sovet dövründə anbar və yataqxana kimi istifadə olunub. 1930-cu illərdə məscidin günbəzi dağıdılıb. Sonradan günbəz yerli əhalilin hesabına 1943-cü ildə bərpa edilib. Hacı Cəfər məscidi 1983-cü ildə bərpa edilib və dini ocaq kimi fəaliyyət göstərir.
Mənbələr:
- Azərbaycan Respublikası Məscidlərinin Ensiklopediyası s.116
- https://sputnik.az/life/20180902/416854075/qubadaki-haci-cefer-mescidinden-reportaj.html
- http://shahdagpeoples.az/muellifler/419-lqar-balakishiyev.html