Qubanın alma bağlarında kütləvi məhsul yığımı sentyabr ayının 3-cü həftəsindən başlayacaq və noyabra kimi davam edəcək.

Hazırda məhsulun vaxtında tədarükü üçün hazırlıq işləri görülür. Meyvə toplanacaq ərazilər və saxlanclar hazır vəziyyətə gətirilir.

Bölgənin bağlarında yüksək məhsuldarlığı ilə seçilən “Qolden”, “Simirenko” alma sortları yetişdirilir. Həmçinin “Qrani smit” və “Fuji” sortlarına intensiv bağçılıqda üstünlük verilir. Ümumi 14 min hektar sahədə alma əkilib. Bunun təxminən 11 min hektarı intensiv və superintensiv bağlardır.

Hər il Quba rayonunda alma bağlarından 120-130 min ton məhsul yığılır. Sakinlərin sözlərinə görə, quraqlıq və suvarmanın zəif olması bu göstəricilərə ciddi təsir edəcək.

Daha öncə, Shimal.News tez yetişən alma yığımının yekunlaşdığı barədə məlumat vermişdir.