Qusarda monqolların yürüşü nəticəsində dağıdılan Əniq qalası

18 Avqust 2021, 13:19

Foto Shimal.news

Qalanın bəzi hissələri bu günə kimi qalıb

Əniq (Enıq) qalası Qusar rayonunun mərkəzindən 18-20 km məsafədə olan Əniğ (Əniq) kəndində, Qusarçayın sağ sahilində, yerləşir. Qala təxminən IX-XIV əsrlərə aid edilir. 1960-ci illərdə burada aşkar edilən qab qalıqları, silahlar və gümüş əşyalar bunu sübut edir.

Yerli əfsanəyə görə, qalanın adı Enıx adlı hökmdarın adından götürülmüşdür. Əniq qalasının içində, keçmişdə, yaşayış məntəqəsi yerləşmişdir. Bu məntəqənin adı haqqında məlumat yoxdur, lakin, ərəb müəlliflərinin qeyd etdiyi Abhaz şəhəri bu qalanın yerləşdiyi əraziyə ən çox uyğun gəlir.

XIV əsrin gürcü “Xronoqrafı”nın məlumatına əsasən 1288-ci ildə Monqol hökmdarı Arqun xanın yürüşü zamanı Anik adlı qala dağıdılmışdır. Ehtimal olunur ki, bu, Əniq qalası idi. Bir müddət sonra ətraf ərazilərdən gələn sakinlər burada məskunlaşaraq kənd qurmuşdular. Qalanın divarlarının bir hissəsi kəndin tikilməsi zamanı dağıdılmışdır və onun daşları tikinti materialları kimi istifadə olunmuşdur.

Qalanın iki hissəsi bu günə kimi çatıb. Birinci qalıq 15-16 metr uzunluğunda divarın bir hissəsidir. İkinci qalıq isə qala darvazasıdır. Divarın qalıqları ölkə əhəmiyyətli tarix və mədəniyyət abidəsi kimi qorunur.

Salavat dağ keçidini nəzarət altında saxlayan Əniq qalası dəniz səviyyəsindən 1100 m hündürlükdə, təpə üzərində yerləşir. O, bir tərəfdən Qusarçayın sürətli axan suları və qayaları ilə, digər tərəfdən isə dağlarla əhatə olunduğuna görə strateji cəhətdən əhəmiyyətli idi.

Mənbələr:

  1. C. Ə. Xəlilov. Enıx qalası. Azərbaycan SSR EAM. XVIII c. 1962, № 4.
  2. М. ДЖ. Халилов. Уточнение даты взятия и разрушения крепости Аниг. (Тезисы докладов Первой научной конференции “История лезгин”. Баку,1993
  3. Azərbaycan arxeoloqiyası orta əslər VI cild, 2008.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.